2 İyul 2021 17:32
1 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ötən il üzrə maliyyə hesabatı açıqlandı və bəzilərin diqqətini cəlb edən məqam 1,7 milyard manat ümumi zərərin qeydə alınması oldu. 2008-ci ildən bəri SOCAR ard-arda 13 il üzrə maliyyə nəticələrini açıqlayıb - 11 ilini mənfəətlə, 2 ilini zərərlə tamamlayıb. İlk dəfə 2015-ci ildə devalvasiyadan sonra SOCAR-ın satdığı əmtəələrin dəyərinin təxminən iki dəfə aşağı düşməsinin nəticəsi idi. 2020-ci ildə isə dünya iqtisadiyyatının evini yıxan, neft bazarlarını çökdürən COVID-19 pandemiyası öz sözünü dedi”.

Teleqraf.com xəbər verir ki, bunu Sosial elmlər üzrə doktor İbrahim Əhmədov deyib.

O qeyd edib ki, adətən insanlar zərərin bir hissəsinin qarşısı alınırsa, yalnız zərərin qarşısı alınmayan hissəsini kənardan görür: “Həmin görünməyən hissə ötən il vaxtında görülmüş optimallaşdırma tədbirləri, xərclərin kəskin azaldılmasıdır. Bu işlər görülməsəydi, nəticə daha ağır ola bilərdi. Şirkətdə mütərəqqi düşüncəli bəzi rəhbər və mütəxəssislərin səyləri və gərgin zəhməti nəticəsində milyardlarla zərərin qarşısı alındı. Hətta yataqların işlənməsi kimi bəzi sahələrdə əvvəlki ildən də yaxşı nəticələr əldə olundu. Bu kontekstdə cənab Prezidentin fərmanları ilə təsis olunmuş SOCAR-ın Müşahidə Şurası və Azərbaycan İnvestisiya Holdinqinin SOCAR-da islahat proseslərinə çevik qoşulması, şirkətin əməliyyat effektivliyinin daha da artırılması uğrunda aparılan intensiv işlər ayrıca qeyd olunmalıdır”.

İbrahim Əhmədov bəzi sahələrdə zərərin qarşısını almağın mümkün olmadığını da bildirib: “Necə ki, dünyanın bir çox aparıcı neft şirkətləri də bu böhran ilini böyük itkilərlə tamamlamalı oldular. Yalnız ABŞ-da ötən il 200-dən çox neft şirkəti müflisləşdi. Onların arasında SOCAR ilə müəyyən parametrlərə görə müqayisə oluna bilən, ABŞ-ın 500 ən dəyərli şirkətləri sırasında yer alan müəssisələr də var idi. SOCAR-ın pandemiya dövründə üzləşdiyi zərərin nə dərəcədə qaçılmaz olduğunu dəqiq müəyyən etmək üçün əlimizdə hər hansı bir düstur olmasa da, ən azından digər şirkətlərin pandemiya dövründəki nəticələrinə nəzər salıb, müəyyən bir qənaətə gəlmək olar”.

O, SOCAR-ın son illərdə yerli neft şirkəti səviyyəsindən böyüyərək, dünyanın aparıcı beynəlxalq enerji şirkətləri sırasında yer almağı qarşısına məqsəd qoyduğunu da vurğulayıb: “Müqayisə üçün dünyanın 10 ən böyük neft şirkətlərinin bəzi maliyyə göstəricilərini SOCAR-ın müvafiq maliyyə nəticələri ilə qarşılaşdırmaq istərdim. Bu rəqəmlər həmin şirkətlərin rəsmi veb saytlarından götürülüb. Dünyanın ən böyük neft şirkəti sayılan Çinin CNPC şirkəti ötən il üzrə maliyyə hesabatını hələ dərc etmədiyinə görə, onu nəzərə almaq mümkün olmayıb. Rəqəmlər olduğu kimi, bəzəksiz-düzəksiz təqdim olunur.

Dünya üzrə ilk onluqda yer alan neft şirkətlərindən 6-sı ötən ili zərərlə başa vurub.

SOCAR-ın ötən il üzrə ümumi zərəri 1 milyard ABŞ dolları civarında olduğu halda, Shell, bp, ExxonMobil kimi şirkətlərin hər biri ötən ilə 20 milyard dollardan çox zərərlə yekun vurmuşlar. Əlbəttə, sözügedən şirkətlərin miqyası, dövriyyəsi də böyükdür. Lakin 2020 və 2019-cu illər arasında müqayisə aparanda görürük ki, bütün şirkətlər 2019-cu ilin nəticələrinə nisbətən tənəzzülə uğrayıb. Aparıcı neft şirkətlərinin mənfəəti ötən il ən yaxşı halda 40%-50%, bəzi hallarda isə 600%-ə qədər azalıb”.

İbrahim Əhmədova görə, mənfəət davamlı göstərici deyil və ildən ilə dəyişə bilər: “Ümid var ki, aparıcı neft şirkətləri özünü toparlayıb, bu il yenidən mənfəət həddinə çıxa bilərlər. Bazarda bu gün neft qiymətinin yüksəlişi ilə bərabər güclənən nikbinlik də buna şərait yaradır. Şirkətin uzunmüddətli perspektivlərini dəyərləndirmək üçün onun maliyyə öhdəliklərinə və malik olduğu aktivlərin ümumi dəyərinə də nəzər salmaq vacibdir. Borc götürülən bir məbləğ bir şirkət üçün ağır yük olarsa, başqa bir şirkət üçün heç də ağır olmaya bilər. Odur ki, şirkətin maliyyə durumunu düzgün dəyərləndirmək üçün adətən ümumi maliyyə öhdəliklərinin ümumi aktivlərə olan nisbətinə nəzər salınır. Bu göstərici şirkətin malik olduğu aktivlərin neçə faizinin kənardan cəlb olunan maliyyə, borc və s. öhdəliklər hesabına ərsəyə gəldiyini bildirir.

Bu göstərici üzrə SOCAR həmçinin aparıcı neft şirkətləri ilə müqayisədə nə birinci, nə də sonuncu yerdədir. Yəni SOCAR-ın əsas maliyyə göstəricilərini digər aparıcı neft şirkətləri ilə müqayisə etdikdə, kəskin fərqlər nəzərə çarpmır. Odur ki, şirkətin ötən il üzləşdiyi çətinliklər əsasən bazar şəraiti ilə izah olunur və bu tezisi digər neft şirkətlərinə də şamil etmək olar. Bəzi şirkətlər daha zəngin yataqlara malik olmaqla zərəri azaltmağa nail olub, bəziləri isə zərəri azaltmaq üçün köklü optimallaşdırma aparıb və ya öz strateji planlarını əsaslı şəkildə dəyişib.

Yüzlərlə neft şirkətinin müflisləşdiyi bir dövrdə zərərin məhdudlaşdırılması da qənaətbəxş nəticə sayıla bilər. Gələcək illərdə isə SOCAR bu nəticə ilə kifayətlənə bilməz. Şirkət davamlı inkişafını təmin etmək üçün Azərbaycan Prezidentin tapşırıqlarına uyğun olaraq daha da iddialı addımlar atacaq, yeni effektli strategiyanı əsas götürəcək, yeni texnologiyaları işləyib, tətbiq etməklə irəliləyəcək. Hədəf – qarşıdakı onilliyi yüksək mənfəətlə başa vurmaq, ölkə iqtisadiyyatına dayaq olmaq, milli sərvətimizin dəyərini davamlı şəkildə artırmaqdır”.

(Cədvəllərdə təqdim olunan rəqəmlər milyon ABŞ dolları ilə ifadə olunur. Vergül kəsr ayrıcısı deyil, mötərizə zərəri ifadə edir).


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər