“Vaksinasiya səviyyəsi yüksələr, yoluxma sayı optimallaşarsa, real sektorda məhdudiyyətlərin tətbiqinə yenidən ehtiyac yaranmaz”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat Dövlət Statistika Komitəsinin məlumatına istinadən qeyd edib ki, Azərbaycan iqtisadiyyatı bu ilin birinci yarısını artımla başa vurub:
“2021-ci ilin yanvar-iyun aylarında ölkədə 39 milyard 915 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artım deməkdir.
Bu ilin ilk yarısında iqtisadi artım qeyri-neft sektoru hesabına baş verib. Belə ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,7 faiz azalsa da, qeyri neft-qaz sektoru 5,1 faiz artıb.
Qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsi bu ilin yanvar ayından sonra sərt karantin tədbirlərinin tətbiq edilməməsi və yumşalmalara gedilməsi ilə bağlıdır. Məhdudiyyətlərin azaldılması iqtisadi aktivliyə müsbət təsir göstərməklə yanaşı həmçinin məşğulluğun təmini baxımdan da vacibdir. Bu kontekstdən vaksinasiya səviyyəsi yüksələrsə, yoluxma sayı optimallaşarsa real sektorda məhdudiyyətlərin tətbiqinə yenidən ehtiyac yaranmaz. Bu da iqtisadiyyatdakı artım tempinin növbəti aylarda da qorunub saxlanmasına imkan verər”.