6 Sentyabr 2021 16:04
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Füzuli aeroportu dünyada ən qısa zamanda inşa edilən Beynəlxalq Hava Limanlarından biridir. Cəmi bir neçə aya yaxın müddətdə hava limanın ilkin infrastrukturunu əsaslı şəkildə formalaşdırmaq mümkün oldu”.

Bunu Teleqraf.com-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Füzuli hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından olduqca faydalıdır: "Nəzərə alaq ki, Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur. Füzulidə hava limanının tikilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilsinlər. Bu amil işğaldan azad edilmiş ərazilərimizə, eləcə də Füzuli rayonuna gələcək turistlərin sayına müsbət təsir göstərəcək.

Eyni zamanda hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir”.

İşğaldan azad edilmiş ərazilərin sənaye potensialına diqqət çəkən iqtisadçı onu da qeyd edib ki, Füzulidə açılan hava limanın həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından vacibdir: “Hava limanın inşası və yaxın gələcəkdə istifadəyə verilməsi yeni iş yerlərinin yaradılmasına da xidmət edəcək. Bu, xüsusən işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların məşğulluğunun təmin olunması baxımdan vacibdir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər