6 Sentyabr 2021 18:23
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 5-də Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşu həyata keçirildi.

Hava limanının iqtisadi və strateji səmərisi barədə iqtisadçı Rəşad Həsənov Teleqraf.com-a açıqlama verib.

O bildirib ki, hələ uzun müddət Qarabağda iki istiqamətdə iş gedəcək: “Qarabağda təmir və bərpa işləri, həmçinin iqtisadiyyatın formalaşdırılmasından söhbət gedir. Burada kommunikasiyanın inkişafı və bütün növ nəqliyyat vasitələri ilə əlçatanlığın təmin edilməsi çox vacib məsələdir. Məlumdur ki, Xocalı aeroportu Qarabağda yeganə hava limanı idi. 2025-ci ildə hansı qərarın qəbul edilməsindən asılı olaraq (ola bilsin ki, bu müddət artırılsın) bu hava limanı 4-5 il ərzində sülhməramlıların nəzarətində qalan bölgədə olacaq. İndiki şərtlər daxilində bu limana beynəlxalq statusun verilməsi Azərbaycanın nəzarət imkanlarını məhdudlaşdırır. Ona görə də bölgədə yeni bir beynəlxalq statuslu aeroportun istifadəyə verilməsinin siyasi aspektləri var.

Eyni zamanda kifayət qədər çevik quruculuq işi həyata keçirilməlidir. Burada yükdaşımalar, kommunikasiyaların inkişafı çox vacib məsələdir”.

Analitik deyir ki, digər məqam Qarabağın iqtisadi potensialının Azərbaycan iqtisadiyyatına yenidən qazandırılmasıdır: “Qarabağın iqtisadi potensialı əsasən iki istiqamətdə qiymətləndirilir – kənd təsərrüfatı və turizm. Bir bölgənin turizm baxımından inkişaf etməsi üçün həmin bölgədə nəqliyyat, kommunikasiya imkanlarının şaxələndirilmiş formada təkminləşdirilməsi və mövcudluğunun təmin edilməsi çox vacib parametrdir. Ümid edirəm ki, gələcəkdə Füzuli Beynəlxalq Hava Limanı ölkəmizin beynəlxalq statuslu Qəbələ, Lənkəran, Gəncə, Zaqatala, Naxçıvan hava limanları kimi istifadə edilməz.

Məlumdur ki, bu gün turistlər Azərbaycana əsasən Heydər Əliyev adına Beynəlxalq Hava Limanı vasitəsilə səfər edirlər. Son 5-6 ildə Gəncənin, Lənkəranın daşımaları azalıb, Qəbələ, Zaqatala hava limanları faktiki olaraq fəaliyyətlərini dayandırıb.

Naxçıvanda vəziyyət fərqlidir. Regionun quru əlaqəsi olmadığına görə buraya səfər edənlər səyahətlərini məhz Naxçıvan ərazisində nəzərdə tuturlar. Heydər Əliyev adına Beynəlxalq Hava Limanının beş ulduzlu olması və “AZAL”ın monopoliyası qiymətlərin çox yüksək olmasını şərtləndirir. Əgər gələcəkdə daha təkmil idarəetmə modeli ortaya qoyularsa və rəqabətli şərait yaradılarsa, hətta aşağı büdcəli hava yollarının da standartının müəyyən qədər aşağı olmasını nəzərə alsaq, sərnişinlərin Füzuli Hava Limanına yönləndirilməsi mümkündür.

Belə olan təqdirdə nəinki Qarabağa, hətta Azərbaycanın qərbinə və digər ərazilərinə səfər edənlərin bu hava limanının xidmətini seçməsi ehtimalı çox yüksəkdir. Bu hava limanı infrastrukturunun Azərbaycan iqtisadiyyatına, o cümlədən Qarabağın inkişafına təsirləri növbəti dövrlərdə onun hansı aspektdən və necə idarə edilməsindən asılı olacaq.

Amma bir məsələ dəqiqdir ki, yükdaşımalar, sərnişindaşımalar və bölgənin əlçatanlığının təmin edilməsi baxımından çox vacib infrastruktur. Dünyada işğaldan azad edilmiş ərazilərə marağı olan sosial qruplar, araşdırmaçılar, media subyektləri var, o cümlədən xaricdə yaşayan 30-40 milyona yaxın azərbaycanlıların böyük əksəriyyəti Qarabağı görmək istəyirlər. Səfər zamanı bu infrastrukturdan istifadə etməklə öz səyahət xərclərini və vaxt sərfiyyatını da optimallaşdıra bilərlər”.

Rəşad Həsənovun qənaətincə, imzalanmış sazişə görə, 2025-ci ilin noyabrında sülhməramlıların ərazidən çıxıb-çıxmaması aydınlaşa bilər: “Söhbət tərəflərdən birinin müraciət etməsindən gedir. Bu ölkələrdə seçki ili olacaq ki, Rusiyanın da bu proseslərə müdaxilə imkanları genişdir. Bu məqamları nəzərə alsaq, hər hansı tərəf üçün bu müraciətin olması ehtimalı çox aşağıdır. Ona görə də prosesin uzanma ehtimalı var.

Hadisələrin gedişi çox sürətlə dəyişir. Bəzən proseslər fərqli məcralara yönəlir. Hazırda bu prosesin təminatçısı və əsas vasitəçisi kimi iştirak edən Rusiya müəyyən qədər sarpmalara yol verir. Bu da Azərbaycanla Rusiya arasında siyasi gərginliyin yaranmasını şərtləndirib. Rusiya bu gərginliyi daha da artıracaqmı, yoxsa Rusiya uzunmüddətli dövrdə Azərbaycanda hərbi güclərini saxlamaq istəyirmi, Rusiyada siyasi proseslər necə inkişaf edəcək, Putin hakimiyyətdə nə qədər qalacaq, demokratik qüvvələr hakimiyyətə gələcəkmi kimi faktorlar sülhməramlı qüvvələrin bölgədə qalıb-qalmayacağına təsir göstərəcək. İndiki halda proqnozum sülhməramlıların qalacağı istiqamətindədir, amma fərqli vəziyyət də yarana bilər”.

Mühüm aspektlərdən biri də təhlükəsizlik məsələsidir. Maraqlıdır, bu etimad təmin olunmasa, limanın iqtisadi potensialı aşağı düşürmü?

Ekspertə görə, Füzuli Beynəlxalq Hava Limanının coğrafi mövqeyi digər planlaşdırılan hava limanları ilə müqayisədə daha yaxşıdır: “Füzuli hava limanı hazırda sülhməramlıların yerləşdirildiyi əraziyə daha uzaq məsafədədir. Limanın müdafiə imkanları daha yüksəkdir. Nəzərə alaq ki, bu gün Azərbaycanın aviasiya müdafiə sistemləri inkişaf etmiş ölkələrin müdafiə sistemi ilə müqayisə olunur. Hətta 44 günlük müharibə nəticəsində müəyyən faktlar ortaya çıxdı. Burada kadr potensialının NATO standartları çərçivəsində hazırlanması məsələsi də müsbət avantaj olaraq qiymətləndirilə bilər. Ona görə də hesab edirəm ki, Qarabağ bölgəsində ən az riskli və ən təhlükəsiz hava limanlı Füzuli Beynəlxalq Hava Limanıdır.

Ermənistan da vəziyyəti dərk etdiyinə görə kommunikasiyalar inkişaf etdiriləcək. Böyük ehtimalla sərhədlərin delimitasiyası növbəti 2-3 ildə əhəmiyyətli səviyyədə həll olunacaq. Hava limanının iqtisadi potensialının zəif və ya güclü olacağına təsir edən faktor kimi təhlükəsizliyi yox, daha çox bugünkü hava nəqliyyatı sahəsində mövcud olan səriştəsiz idarəetməni deyərdim. Bu yanaşma davam etdirilərsə, onun iqtisadi potensiala mənfi təsirləri daha ciddi olacaq, nəinki təhlükəsizliklə bağlı olan məsələlər”.

Füzulidən qalxan təyyarələr hansı istiqamətlərə uçacaq?

Müsahibimizin sözlərinə görə, beynəlxalq statuslu hava limanı olduğuna görə həm sərnişindaşıma, həm də yükdaşıma məqsədilə dünyanın istənilən ölkəsinə uçuşları təşkil etmək mümkündür: “Hava limanının bugünkü standartları istənilən hava nəqliyyatı vasitəsini qəbul etməyə imkan yaradır. Burada əsas məsələ Azərbaycanın gələcəkdə nə qədər açıq, liberal hava nəqliyyatı siyasəti həyata keçirməsi olacaq.

Əgər belə olarsa, bütün daxili hava limanlarına Füzulidən uçuşların təşkil olunması mümkündür. Bugünkü şərtlər daxilində Bakı-Füzuli və Naxçıvan-Füzuli uçuşlarını təşkil etmək olar. Hər hansı məqsədlə Azərbaycanın qərbinə səyahət etmək istəyən vətəndaşlar əvvəlcə Bakıya səfər edib gedirdi. Bu da əlavə xərc və vaxt itkisinə gətirib çıxarırdı. Amma Naxçıvan-Füzuli reysi olarsa (necə ki, hazırda Naxçıvan-Gəncə reysi fəaliyyət göstərir), bu, Azərbaycanın qərbinə, xüsusən də işğaldan azad olunmuş ərazilərə Naxçıvanda məskunlaşmış təxminən 450 min vətəndaşın daşınması üçün əlverişli şərait yaradır.

Beynəlxalq reyslərə gəlincə, Füzuliyə daha çox Gürcüstandan, Türkiyədən, İrandan və Rusiyadan uçuşlar təşkil etmək olar. Çünki əsasən bu ölkələrdən Azərbaycana səfərlər edilir. Əgər qiymətlər digər nəqliyyat vasitələri ilə müqayisədə cəlbedici olarsa, böyük ehtimalla bu dörd ölkədən, həmçinin azərbaycanlıların daha çox məskunlaşdığı Avropanın hava limanlarından da uçuşların təşkili mümkündür. Avropalıların da bölgəyə siyasi, iqtisadi maraqları nisbətən yüksək qiymətləndirilir.

Əgər bərpa prosesi sürətlənərsə, gələcəkdə ağır işlərdə çalışmaq üçün əlavə işçi qüvvəsinə tələb formalaşa bilər ki, daxili bazar bunu tam təmin edə bilməz. Bu zaman Azərbaycan hansısa formada əmək qüvvəsinin idxalı ilə bağlı yumşaq siyasət həyata keçirmək məcburiyyətində qala bilər. Burada da əsas tərəfdaşlardan biri Pakistan ola bilər. Hətta indiki halda Pakistandan Füzuliyə uçuşların təşkil edilməsi cəlbedici görünür”.


Müəllif: Yeganə Oqtayqızı