14 Sentyabr 2021 13:54
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İşğaldan azad olunmuş Xankəndi və digər ərazilərində yaşayan ermənilərin əmlaklarının dəyəri sıfıra bərabərdir. Hətta həmin ərazilərdə yaşamaq üçün digər ermənilərə pulsuz ev və aylıq müavinət veriləcəyi belə vəd olunsa da, heç bir erməni o ərazilərdə yaşamaq istəmir”.

Teleqraf.com xəbər verir ki, bunu əmlak sektoru üzrə ekspert Elnur Fərzəliyev deyib.

O qeyd edib ki, Qarabağda yaşayan ermənilərin sayları süni şəkildə şişirdilsə də, reallıqda rəqəmlər tam fərqlidir: “Yəni onların sayı deyilən rəqəmlərdən çox aşağıdır. Çünki ermənilərin Qarabağdan köç etməsi və saylarının azalması, o ərazilərdəki sülhməramlıların missiyasının bitməsi və həmçinin həmin ərazilərdə yaşayan ermənilər üzərində İranın öz nəzarətini itirməsi deməkdir. Erməni satış saytlarında həmin ərazilərdəki evlərin baha qiymətə satışa çıxarılması isə başqa bir siyasətdir. İlk vaxtlarda ermənilər öz evlərini satışa çıxarsalar da, bunun heç bir effekt vermədiyini və kənardan kimsənin gəlib o ərazilərdə ev almayacağını anladılar”.

Analitikin müşahidələrinə görə, hazırda satışa çıxarılan evlər xarici nömrələrlə elan saytlarında yerləşdirilib: “Kənardan hər şeyin süni şəkildə və məqsədyönlü idarə edildiyi görünür. Məqsədləri dünya ölkələrinə həmin ərazilərdəki əmlakların həqiqətən də bahalı olması kimi bir fikir formalaşdırmaqdır.

Uzun zamandır ki, erməni satış saytları üzərindən apardığım araşdırmalar onu göstərir ki, onlar nəinki Qarabağda, hətta bütün Zəngəzur boyu ərazilərdəki evlərini, fermalarını və digər əmlaklarını çox ucuz qiymətlərə satışa çıxarırlar. 2020-ci ilin dekabrından 2021-ci ilin sentyabrına qədər erməni satış saytlarına apardığım araşdırmalar onu göstərdi ki, həmin ərazilərdəki əmlakların satış qiymətləri minimum 30 faizə qədər ucuzlaşıb. Dünya praktikasında daşınmaz əmlak bazarında ucuzlaşmanın baş vermə səbəbi isə müştəri qıtlığı ilə əlaqədar olur. Deməli, ermənilər nəinki Qarabağda, hətta Ermənistanın özündə belə daşınmaz əmlaklara yatırım etməkdən imtina edirlər”.


Müəllif: Yeganə Oqtayqızı