İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şəmkir rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Teleqraf.com-un xəbərinə görə, bununla əlaqədar olaraq fond Şəmkir rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.
İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəmkir rayonu üzrə sahibkarlıq subyektlərindən müvafiq istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Təkliflərə 50 başlıq südlük istiqamətli ailə fermer təsərrüfatlarının yaradılması, müasir istixanaların yaradılması, intensiv nar və xırnik bağlarının yaradılması, intensiv kartofculuq təsərrüfatlarının yaradılması daxildir.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100 faizdək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Naibə