15 Noyabr 2021 16:15
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsi iqtisadi baxımdan bir sıra üstünlüklər vəd edir. İnstitutsional baxımdan şura ilə müqayisədə təşkilat daha çox sistemləşdirilmiş idarəetməyə malik olan qurumdur. Belə ki, beynəlxalq praktikada şuralar adətən liderlərin, hökumət başçılarının (məsələn, dövlət başçıları şurası və s.), yaxud müəyyən kateqoriya insanların cəmləşdiyi (məsələn, tələbə şurası, şəhər şurası və s.) komitələr kimi fəaliyyət göstərir. Təşkilat isə daha keyfiyyətli idarəetmə forması hesab olunur”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, təşkilat daxilində iqtisadi və ticari əməkdaşlığın daha sistemli şəkildə əlaqələndirməsi mümkündür: “1.2 trilyon nominal ÜDM-ə malik olan Türk dünyası yeni regional əməkdaşlıq modelidir. Kifayət qədər geniş və strateji baxımdan vacib hesab olunan coğrafiyada təşkilat çərçivəsində daha ünvanlı və sistemli əməkdaşlıq mümkündür.

Həmçinin bu formatda əməkdaşlıq ölkələr arasında daha liberal ticarət rejimlərinin formalaşmasına imkan yaradacaq. Azərbaycan və Mərkəzi Asiyada yerləşən Türkdilli dövlətlər MDB çərçivəsində qarşılıqlı ticari rejimi artıq formalaşdırıb. Türkiyə ilə Azərbaycan arasında imzalanan preferensial ticarət sazişi bu ilin martında qüvvəyə minib.

Türkiyə Özbəkistanla oxşar sazişi imzalamaq mərhələsindədir. Bu isə ondan xəbər verir ki, Türk dünyasında növbəti illərdə iqtisadi əlaqələr daha da dərinləşəcək.

Nəhayət, bu, daha ünvanlı və qarşılıqlı fayda əsasında qurulan bir əməkdaşlıq formatıdır. Bu isə regionun yeni iqtisadi xəritənin cızılması deməkdir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər