Son günlər sosial şəbəkələrdə, xüsusən “WhatsApp”da Azərbaycan Dövlət Neft Şirkətin adından SOCAR-ın 30 illiyi ilə bağlı müxtəlif hədiyyələr və 300 min manat pul mükafatı udmaq barədə linklər göndərilir.
Linkə daxil olduqda 300 min manat mükafatı almaq üçün növbəti səhifədəki təlimatları izləmək tövsiyə olunur. Daha sonra 5 qrupda 20 dostla paylaşım eləməklə mükafatı tələb etmək qaydası göstərilir. Tam qeydiyyat üçün növbəti addımlarda hansısa ərizəni doldurmaq, qeydiyyatdan keçdikdən sonra 30 saniyə ərzində gözləmək kimi əməliyyatların icrası şərti irəli sürülür.
Paylaşımın şərh bölümündə əsasən xarici adların olduğu feyk profillərdən “Qatıldım, qazandım və 5 gün sonra aldım”, “Bunun zarafat olduğunu düşünürdüm, amma hədiyyəmi bu səhər aldım və daha çox araşdırma aparacağıma ümid edirəm”, “Gerçəkdir, hədiyyə aldım. Bu barədə dostlarıma danışdım, onlar da özlərinə alsınlar” kimi stimullaşdırıcı rəylər yer alıb.
Əməliyyatdan da görünür ki, bu, tam bir dələduzluq faktıdır.
Teleqraf.com SOCAR-ın ictimaiyyətlə əlaqələr şöbəsindən sözügedən oyunlardan xəbərdar olub-olmaması ilə maraqlanıb.
Şirkətdən bildirilib ki, internet dələduzları tərəfindən göndərilən elanlarda SOCAR və bəzi başqa şirkətlər adından hədiyyə udmaq imkanı təklif olunur: “Adətən, bu cür internet dələduzluğunun məqsədi insanların şəxsi məlumatlarını əldə etməkdir. SOCAR qətiyyətlə bəyan edir ki, internet üzərindən sorğu və ya müsabiqələr keçirməklə uduş və qazanc əldə etmək imkanlarını təklif etmir.
Azərbaycanda SOCAR-ın rəsmi elanları yalnız “socar.az” saytında dərc olunur. Hər kəsə dələduzların toruna düşməmək üçün ehtiyatlı olmağı tövsiyə edirik”.