1 Dekabr 2021 16:21
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Pandemiyanın neft-kimya sektoruna mənfi təsirləri müşahidə olunmadı, əksinə müsbət təsirlərini hiss etdik".

Teleqraf.com xəbər verir ki, bunu “SOCAR Türkiyə” Emal və Neft-Kimya Bölməsinin rəhbəri və “Petkim”in baş direktoru Anar Məmmədov Türkiyənin İzmir şəhərində baş tutan mətbuat konfransında deyib.

O bildirib ki, yeni ştamın meydana gəlməsinin "Petkim"ə neqatif təsiri olmayacaq, hətta böyük ehtimalla müsbət təsiri özünü göstərəcək: "Ümumiyyətlə, bu dövrdə neft-kimya məhsullarınna tələb azalmadı, əksinə artış oldu. Yeni ştam, köhnə ştam - fərq etmir. Tibb məhsullarına, plastik, polimer məhsullara tələb artdı".

Anar Məmmədov əlavə edib ki, ümumilikdə enerji məhsullarına tələb azalsa da, növbədi dövrdə neft-kimya məhsullarına tələb əskilməyəcək: "Eləcə də, enerji məhsullarına azalan tələb "STAR" NEZ-in fəaliyyətinə böyük təsir göstərməyəcək. "STAR" NEZ ən effektiv və ən son texnologiyada qurulan zavoddur. Biz hazırda "Petkim" üçün naftanı təmin edirik. Gələcəkdə digər məhsullarla da təmin edə bilərik. "STAR" NEZ-də benzinin istehsalında istifadə olunan reformator da emal edilir. Gələcəkdə bununla bağlı layihələr ola bilər".

Qeyd edilib ki, ötən dövr ərzində neft-kimya məhsullarına tələbatın artması ilə birlikdə tədarük məhdudiyyətlərinin yaşandığı dövrdə "Petkim" STAR Neft Emalı Zavodunun inteqrasiyası ilə istehsalına fasiləsiz davam etmək üstünlüklərindən də istifadə edib. Məhsul müxtəlifliyinin və fasiləsiz istehsalın toplam satışlarda əks olunduğu bu dövrdə tutumlardan istifadə əmsalı əvvəlki ilə müqayisədə 89,5 faizdən 92,2 faizə yüksəlib.


Müəllif: Yeganə Oqtayqızı