4 Dekabr 2021 15:31
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vergi Məcəlləsinə edilən dəyişikliklərdə, eyni zamanda şəhid ailələri üzvləri və qazilərimiz üçün də yeni vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib.

O bildirib ki, Milli Məclisdə qəbul olunan dəyişikliklərə əsasən, şəhid olmuş şəxslərin ailə üzvlərinin və Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və mülki şəxslərin əldə etdiyi maddi yardımın 20 min manatadək olan hissəsi vergidən azad olunur: “Qeyd edim ki, Milli Məclisdə aparılan müzakirələrdən sonra təklif edilən vergidən azad olunan məbləğin 2 dəfə artırılması qərara alındı. Bu da əslində, Milli Məclislə hökumət arasında bu istiqamətdə də müzakirələrin səmərəli həyata keçirildilyindən xəbər verir.

Milli Məclisdə təsdiq olunan digər güzəşt Vətən müharibəsi iştirakçılarının və Vətən müharibəsində, habelə Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları və hərbi təxribatlar nəticəsində şəhid ailəsi statusu almış və əlilliyi müəyyən edilmiş şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlirin vergidən azad olunmasıdır. Bu hal da vergiyə cəlb olunma baxımdan müzakirə edilən məsələlərdən idi. Yeni dəyişikliklərlə bu halda məbləğ limiti olmadan vergi güzəşti tətbiq olunacaq.

Vergi Məcəlləsində nəzərdə tutulan hər iki güzəşt şəhid ailələrinin və qazilərimizin sosial təminatının gücləndirilməsi baxımdan vacib hesab olunur. Belə ki, bu belə ödənişlər həyata keçirilən və ya gəlirlər yaranan zaman şəhid ailələri və qazilərimizin vergi ödəməkdən azad olunmasına imkan verəcək. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra gələn aydan qüvvəyə minəcək”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər