13 Yanvar 2022 16:55
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarında neft qiymətlərində artım davam edir. Ötən gün “Brent” markalı neftin bir bareli 84,47 dollar olub. Azərbaycanın istehsal etdiyi "Azeri Light" markalı neftin 1 barelinin qiyməti isə 4,84 dollar, yaxud 5,79 % artaraq 88,45 dollara çatıb.

Mövcud şərtlər beynəlxalq qurumların neft bazarı ilə bağlı proqnozlarında müsbət dəyişikliklərə səbəb olub. Dünya Bankının hesablamalarına görə, 2021-ci ildə qlobal bazarda xam neftin bir barelinin orta qiyməti 69 dollar təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 67 faiz çoxdur. Qurumun hesabatına əsasən, 2022-ci ildə neftin orta qiyməti 74 dollar təşkil edəcək. 2023-cü ildə dünyada neft hasilatının pandemiyadan əvvəlki həddə qayıtması ilə orta qiymət 65 dollara qədər azalacaq.

Maraqlıdır, dünya birjalarında nə baş verir?

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Teleqraf.com-a bildirib ki, neft bazarına pozitiv təsir göstərən təzadlı amillər var.

O qeyd edib ki, cari ilin əvvəlindən dünya birjalarında professional şəkildə artım müşahidə edilir: “Əsasən də yanvarın 4-də OPEC-in keçirdiyi iclasdan sonra sürətli artımlar var. Bu artım son 3 ildə bazarda müşahidə olunan proseslərin əksinə gedir. Neft hasilatının artdığını elan edirlər, qiymət azalmaq əvəzinə artır. Ümumən ziddiyyətli məlumatlar çoxdur.

Qeyd olunur ki, ABŞ-da neft ehtiyatları noyabrın 6-dan ardıcıl olaraq azalır. Bu, bazara təsir edir ki, ehtiyatlar azaldığı üçün bir təlaş yaranır, nəticədə qiymət artır. Dekabrın sonundan başlayaraq ABŞ, Böyük Britaniya, Yaponiya, Şimali və Cənubi Koreya bazara ortalama 500-550 min barel həcmində əlavə neft çıxarıblar. Yəni bu ölkələr noyabrın sonunda öz ehtiyatlarından istifadə ilə bağlı gizli qərar qəbul etmişdi. Bu artıq icra olunmağa başlayıb.

Bundan əlavə, Liviyada 2021-ci ildə neft hasilatı 100 min barelə yaxın azalıb. Artıq ölkə elan edib ki, 2022-ci ilin əvvəlindən gündəlik 1 milyon barel neft hasil edir. Demək olar ki, artıq Liviya neft sənayesini bərpa edir. Onu da qeyd edim ki, Liviya Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv deyil və tətbiq olunan kvotalar ona aid edilmir”.

Bəs nə baş verir ki, neftin qiymətləri bu qədər artır?

Ekspert deyir ki, hazırda qiyməti neftin fiziki yox, fyuçers qiymətləridir: “İndi mart ayının nefti satılır. Hesab olunur ki, qiymət artımına siyasi risklər təsir edir. Bu həftə Belçikanın paytaxtı Brüsseldə Rusiya-NATO Şurasının iclası keçirildi. Rusiya NATO-dan keçmiş sovet respublikaları hesabına genişlənmədən imtina etməsini, yaxın və ortamənzilli raketlərin bir-birinə çatacaq məsafədə yerləşdirməməsini və həmin ərazilərdə keçirdiyi təlimlərin sayını azaltmasını istəyib. Bu danışıqlardan planlaşdırılan nəticənin əldə olunduğunu demək olmaz.

Gözlənilir ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) növbəti dəfə Rusiya-NATO görüşü keçirəcək. Çox güman ki, bundan öncə keçirilən iki danışıqların nəticəsi burada özünü göstərəcək. NATO-nun genişlənməsi məsələsi, Ukraynanın gələcəkdə NATO-ya qəbul edilməməsi kimi Rusiyanın təkidləri açıq qalıb və heç bir nəticə olmayıb.

Ümumən dünyada bir siyasi gərginlik var. Bazar iştirakçıları bu siyasi gərginliyi növbəti mərhələdə hərbi-siyasi gərginlik kimi qiymətləndirir. Ötən gün Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya Yəməndə hərbi əməliyyatlara başladı. Bundan əlavə, OPEC üzv və qeyri-üzv ölkələrin nazirlərinin 24-cü iclasında, qlobal neft bazarında sabitliyə və balansa dəstək məqsədilə gündəlik neft hasilatının fevral ayından 400 min barel artırılmasına dair qərar qəbul edildi.

Yaxşı xəbərlərlə yanaşı, daxildə reklam edilməyən bir gərginlik yaşanır. Bu gərginlik özünü neftin, o cümlədən təbii qazın qiymətlərində əks etdirir. Hesab olunur ki, hərbi-siyasi risklər neft qiymətini əlavə olaraq 20 dollara qədər artırır”.

İlham Şaban hesab edir ki, Qazaxıstanda baş verən hadisələr neft bazarına təsir etmir: “Qazaxıstanın ən böyük yatağı olan “Tengiz”in əməkdaşlarının bir qismi ixtişaşalara qatılmışdı. Bir növbə digərini əvəzləməmişdi, bu səbəbdən də müəyyən quyular fəaliyyətini dayandırmışdı və hasilatda azalma baş vermişdi.

Ancaq hasilatın azalmasının ömrü 3 gün çəkmədi ki, bərpa olundu. Bu azalmanı heç dünya bazarı hiss etmədi. Çünki neft istehsalı elə qurulur ki, ehtiyatlar sahildəki terminala toplanır, buradan da boru kəməri ilə nəql edilir.

Tengiz-Novorossiysk neft kəmərinin içərisində Rusiya nefti də var. Yəni Rusiyada hasil edilən neftlə Qazaxıstan nefti bu boru kəmərində bir-birinə qarışır. Hətta Qazaxıstandakı neft hasilatı tam dayansaydı, Rusiya nefti nəql olunmağa davam edəcəkdi. “Tengiz” yatağının gündəlik hasilatı 600 min bareldir. Ümumiyyətlə, Qazaxıstanda baş verən hadisələrin dünya neft bazarına təsiri yoxdur. Enerji sektorundan məlumatsız adamlar bunun əksini düşürlər”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər