Cənubi Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin sayca VIII görüşü fevralın 4-də Bakıda baş tutdu. Azərbaycan Paytaxtı artıq səkkizinci dəfədir ki, bu tədbirə ev sahibliyi edir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası yaradılması ideyasının müəllifi Azərbaycan Prezidentidir. Bu tədbirdə Avropa ittifaqının iki komissarı, Cənub Qaz Dəhlizi layihəsində çərçivəsində iştirak edən dövlətlərin baş nazirləri, böyük şirkətlərin rəhbərləri iştirak edirdi. Bu, sayca indiyədək keçirilən tədbirlər arasında ən böyüyüdür.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Onun sözlərinə görə, belə tədbirlərin keçirməkdə məqsəd Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində il ərzində atılan addımlara qiymət vermək, onları təhlil etmək, əldə edilmiş uğurları vurğulamaq, eyni zamanda qarşıda dayanan vəzifələri müəyyən etmək, bütün bu işlərin koordinasiyasını həyata keçirməkdir:
“Ənənəvi olaraq bu tədbirdə Prezident İlham Əliyev geniş, əhatəli bir nitq ilə çıxış etdi. Prezident keçən il ərzində Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində əldə edilmiş uğurlara və qarşıda dayanan vəzifələrə xüsusi diqqət ayırdı. Prezident vurğuladı ki, pandemiyanın tələblərindən irəli gələrək keçən il tədbir onlayn formatda keçirildi. Amma indi isə pandemiya qaydalarına riayət edərək əyani şəkildə tədbir keçirilir. O, vurğuladı ki, 2020-ci il 31 dekabr tarixinə Dünya Azərbaycanlılarının Həmrəylik Günü təsadüf etməsi ilə yanaşı, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti TAP-ın işə salınması da eyni gündədir. Dəyəri 33 milyard dollar civarında olan Avropanın ən nəhəng layihələrindən biri tam şəkildə işə salındı. Bu gün Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan xüsusi rola malikdir. Avropa üçün enerji təhlükəsizliyi ilk növbədə enerji mənbələrinin şaxələndirilməsindən ibarətdirsə, Azərbaycan üçün enerji təhlükəsizliyi enerji marşrutlarının şaxələndirilməsini özündə ehtiva edir. Azərbaycanın enerji siyasəti ilk növbədə azad rəqabət siyasətidir. Bu siyasət sayəsində bu gün Azərbaycan həm özünün enerjiyə olan tələbatını ödəyir, eyni zamanda partnyorların bu sahədəki tələbatının ödənilməsinə böyük töhvələr verir. Cənab Prezident vurğuladı ki, ötən il Azərbaycan 19 milyard kubmetr qaz ixrac edib. Bu qazın 8,5 milyard kubmetrini Türkiyə, 7 milyard kubmetrini İtaliya, qalan hissəsini isə Gürcüstan, Bolqarıstan və Yunanıstan dövlətləri alıb. Özünün qaz qəbulu şəbəkəsini formalaşdırdıqdan sonra isə artıq Albaniyaya da bu istiqamətdə dəstək göstəriləcək”.
Elman Nəsirov bildirib ki, Azərbaycanın enerji siyasəti heç bir halda siyasi məna kəsb etmir, enerji siyasətinin əlində alət olmur və siyasətimiz ilk növbədə əməkdaşlığa yönəlib: “Nəticədə, gözəl komandamız formalaşıb. Qeyd edildi ki, iştirakçı dövlətlər - Azərbaycan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya, Albaniyadan ibarət komanda fəaliyyət göstərir. Sevindirici haldır ki, bu nəhəng layihənin reallaşdırılmasına dünyanın ən mühüm maliyyə təşkilatları da yaxından töhvə verir. Bunlar Dünya bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər banklardır ki, birgə fəaliyyət sayəsindı bu nəhəng meqalayihə işə düşüb. Cənab prezident vurğuladı ki, Azərbaycanın Avropanın Enerji Təhlükəsizliyi ilə təminatı üçün geniş qaz ehtiyatları var. Bizim təsdiqlənmiş qaz ehtiyatlarımız 1,6 trliyon kubmetrə bərabərdir və yəqin ki, müasir texnologiyalar hesabına daha böyükdür. Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında əsas rolu "Şahdəniz" yatağı təşkil edir. Onun ehtiyyatları hazırda 1 trliyon kubmetr dərinliyində qiymətləndirilir. Təkcə "Şahdəniz" deyil, perspektivdə digər iri layihələrimiz də var. Həmin layihələrdən də böyük qaz ehtiyatları tədarük etməyi planlaşıdırırıq. Bunlar arasında "Abşeron" mühüm yataqlardan biridir. İstisna deyil ki, il ərzində bu yataq istismara verilə bilər. Bu yataqdan il ərzində 1,6 milyon kubmetr qaz çıxarılması gözlənilir. Bundan başqa, "Babək" yatağının 400 milyard kubmetr, "Ümid" yatağının 200 milyard kubmetr qaz potensialı var”.
Millət vəkilinin fikrincə, bu yataqların işə salınması nəticə etibarilə həm Avropanın enerji təhlükəsizliyinin təminatı üçün böyük töhvədir, eyni zamanda Azərbaycanın daxili tələbatının ödənilməsi üçün mühüm rol oynaya bilər:
“Azərbaycan demoqrafik baxımından inkişaf edən dövlətdir və əhalinin artım sürəti böyükdür.
Azərbaycan sənayesi sürətlə inkişaf edir. Xüsusilə qeyri-neft sənayesində böyük inkişaf tempi var. Keçən il qeyri-neft sənayesində 20 faiz artım qeydə alınıb. Bu, böyük nəticədir. Bu o deməkdir ki, qaza olan daxili tələbatımız da artacaq. İşğaldan azad edilmiş ərazilərimizin sayı 10 min kvadratkilometrdən artıqdır. Nəticə etibarilə bu, həmin ərazilərin də qazlaşdırılması məsələsini günədəmə gətirir. Cənab prezident bu kontekstdə bərpa olunan enerji məsələlərinə diqqəti cəlb etdi. O, vurğuladı ki, Qarabağın və Zəngəzurun yaşıl zonaya çevrilməsi siyasətini həyata keçiririk. Bu baxımdan yaşıl enerji zonasının olması bizim üçün prioritet məsələdir. İlkin hesablamalara görə Qarabağ və şərqi Zəngəzurda 7200 meqavotluq günəş enerjisi imkanlarımız var. Bunların işə salınması nəticəsində yeni bərpaolunan enerj mənbələri də bizim üçün mühüm rol oynayacaq. Bu, böyük həcmdə qaz istehlakının qarşısı alınması anlamındadır. Günəş və külək enerjisi xeyli miqdarda qaz istehlakının qənaət edilməsinə səbəb olacaq. Bu yaxınlarda Gülüstan sarayında Səudiyyə Ərəbistanının mühüm şirkətlərindən bidi ilə 240 min meqavotluq külək enerjisi ilə bağlı 2 layihə üzrə sənədlər imzalanıb. Bu da Azərbaycan üçün yeni qeyri-ənənəvi enerji sahələrinin inkişafına xidmət göstərən addımdır.
Azərbaycanın enerji siyasəti regionda sülhə, təhlükəsizliyə, əmin amanlığa, əhalinin yüksək rifahının təmin olunmasına xidmət edir. Bu siyasət gələcəkdə də davam edəcək. Bu, bir daha göstərir ki, Azərbaycan böyük neft və qaz yataqlarına malik olmaqla yanaşı, elektrik enerjisi ixracı sahəsində də öz sözünü deyir”.