10 Fevral 2022 16:58
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qanun pozuntuları aşkar edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti məlumat yayıb.

Qeyd olunur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mərkəzi Aparatında və onun tabeliyində olan 28 qurumda əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, müharibə veteranlarının və şəhid ailələrinin sanator-kurort müəssisələrinə göndərilməsi üçün köçürülmüş vəsaitin bir hissəsi həmin müəssisələrin rəhbərləri tərəfindən ƏƏSMN-nin sabiq rəhbər işçilərinə qaytarılıb.

Həmçinin sosial obyektlərin və imtiyazlı şəxslərə fərdi yaşayış evlərinin tikintisində işlərin həcmlərinin artırılması yolu ilə podratçı təşkilatlara artıq vəsaitin ödənilib.

Bundan əlavə, Nazirliyin müvafiq qurumları tərəfindən tətbiq edilən böyük məbləğdə inzibati cərimələrin ödənilməsinin təmin edilməməsi, struktur bölmələr tərəfindən təyin olunmuş pensiya, sosial təminat və təqaüd işləri üzrə pensiya, təqaüd və müavinətlərin artıq hesablanması və ödənilməsi halları aşkar olunub.

Həmçinin, pensiya, müavinət və təqaüd alan şəxslərin vəfat etdiyi halda onların adlarına ödənişlər uzun müddət davam etdirilib. Xeyli sayda şəxsə eyni dövr üçün həm əlilliyə, həm də ailə başçısını itirməsinə görə müavinət və əmək pensiyaları ödənilib. Pensiya təyinatı aparılarkən iş stajı bilərəkdən artıq göstərilib, işsizlik müavinətlərinin hesablanması qaydalarının pozulması və müavinət təyin olunmuş həmin şəxslərin bundan xəbərsiz olmaları, çoxlu sayda vətəndaşa işsizlik müavinətinin verilməsi kimi nöqsanlar aşkar olunmaqla xeyli məbləğdə vəsaitin təyinatından yayındırıldığı müəyyən edilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər