İşləyən pensiyaçıların təqaüdləri artırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) məlumatına görə, 2021-ci ildə Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin edildikdən sonra azı 6 il işləmiş və işləməkdə davam edən 1307 şəxsin pensiyasını yenidən hesablayaraq artırıb: "Əmək pensiyaları haqqında” Qanuna əsasən, şəxs ona yaşa görə pensiya təyin olunduğu gündən sonra işləməkdə davam edərsə, hər 6 ildən (72 aydan) bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə bölünərək pensiyasına əlavə olunur. Bu da işləyən pensiyaçıların mənafelərinin daha dolğun təminatına, yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edənlərin sosial sığorta sistemində iştiraka marağının stimullaşdırılmasına xidmət edir".
İqtisadçı Rəşad Həsənov Teleqraf.com-a qanunu şərh edib.
Ekspert hesab edir ki, kommunikasiya tamamilə səhv gedir: “Qanunvericiliklə 2017-ci ildə təsbit edilmiş və bu günə qədər də davamlı olaraq tətbiq edilən indeksləşdirmə kimi, bunun özü də məcburi olan bir prosedurdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz funksiyasını yerinə yetirir, yəni “işləyən pensiyaçıların təqaüdlərini artırdıq” kimi fikirlərin hamısı nağıldır. Yaşa görə pensiya alan və işləməkdə davam edən 1307 nəfər 1 milyon 200 min vətəndaşın təxminən 1 faizi edir. Bu gün elə bir piar qurublar ki, sanki böyük işlər görülüb, yeni qayda-qanun tətbiq olunub. Əslində isə heç bir yenilik yoxdur. Sadəcə bu gün müəyyən bir statistika açıqlanıb, bunu da elə formada təqdim edirlər ki, sanki ciddi bir iş görüblər”.
Rəşad Həsənov deyir ki, işləyən pensiyaçıların təqaüdlərinin artırılması 2017-ci ildə qanuna edilən dəyişikliyin tələbidir: “Vətəndaş əgər pensiyaya çıxandan sonra işləyirsə, hər 6 ildən bir onun fərdi hesabına toplanmış sosial sığorta haqqı 72-yə bölünərək pensiyasına əlavə olunur. Bəzi hallarda kommunikasiya düzgün getmir, insanlar düşünürlər ki, bu müddət mütləq 72 ay olmalıdır, amma belə deyil. Yəni, əgər vətəndaş güzəştli şərtlər daxilində pensiyaya çıxıbsa və 56 yaşında təkrar onun pensiyasının hesablanması gedirsə, artıq 72 ay tətbiq olunmur. Bu zaman ona tətbiq olunan pensiya hüququna qədər olan vaxt nəzərə alınaraq hesablama aparılır. Təxminən 13-14 ay çıxılmaq şərti ilə 130-a bölməklə müvafiq hesablama aparılır. Əgər hansısa bir situasiyada 72-dən az rəqəm yaranırsa, ona icazə verilmir. Əslində bu mexanizm avtomatlaşdırılmış şəkildə aparılmalıdır, sistem düzgün qurulmayıb”.
Analitik bəzi hallarda vətəndaşların öz hüquqlarından məlumatı olmadığını da vurğulayıb: “Müraciət etmirlər və onlar üçün müvafiq hesablama təkrar aparılmır. Bu, düzgün deyil. Aidiyyəti qurum fürsətlər gözləyən bir qurum mövqeyində olmamalıdır. Vətəndaşın hüququ çatanda ona bildirilməlidir ki, o da bu hüquqdan yararlansın.
Hesab edirəm ki, bu hesablama 6 ildən bir yox, hər il aparılmalıdır. Çünki ölkəmizdə pensiya yaşı 65-dir, orta ömür 71-dir və 6 ildən sonra artıq vətəndaşın 71 yaşı tamam olur. Pensiyaya çıxandan sonra onun artıq hesablanmış əlavəyə ehtiyacı yaranmaya bilər. Hər halda o dünyadan pensiya istəməyəcək. Ona görə də bu mexanizmin hər il nəzərə alınması doğrudur və ədalətlidir. Vətəndaşın ödədiyi kapitalın ona geri qayıtmasını təmin etmək və şəxsin öz əməyinin leqallaşdırması prosesində aktiv iştirakını təmin etmək üçün bu yanaşmanın olmasını məqbul hesab edirəm”.