22 Fevral 2022 12:15
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kremlinin son qərarı qlobal iqtisadiyyata təsirsiz ötüşməyib. Şərqi Avropada yarana biləcək daha böyük miqyaslı gərginlikdən təsirlənən birjalarda strateji məhsulların qiymətində artım müşahidə edilib”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, ötən həftəni 1 bareli 90.70 dollar ilə qapayan Brent markalı neft indi 99 dollara yaxın təklif edilir: “Yeni həftədə neft 7 faizə yaxın bahalaşıb. Rusiya rublu da təzyiq altındadır. Dünən hərraclarda dollara nisbətən 76.70 məzənnəsi dəyişdirilən Rusiya pulu 79.45-dək ucuzlaşıb. Bu bir gündə rublun 4 faizə yaxın ucuzlaşması anlamına gəlir. Avro dollara nisbətən cüzi ucuzlaşıb. Avropa pulu son gün 1 faizə yaxın dəyər itirib. Avropanın Şərqində baş verənlər hələlik avrozonaya xüsusi təsir etməyib”.

İqtisadçının sözlərinə görə, istər neft, istərsə də valyuta, xüsusən də rublun məzənnəsi birbaşa Qərbin qəbul etdiyi qərarlardan asılı olacaq: “Ağ Evdə, eləcə də Brüsseldə Rusiyaya qarşı sanksiyalarla bağlı açıqlamalar verilsə də, hələlik hansı addımların atılacağı dəqiqləşdirilməyib.

Bir müddət öncə Vaşinqtonda Moskvaya qarşı SWIFT-dən çıxarılma kimi sərt sanksiya bəyanatları səsləndirilsə də, sonradan okeanın o tayında diplomatik addımlara üstünlük verildi.

Bununla belə, əgər Qərb Rusiyaya qarşı əvvəllər bəyan etdiyi sanksiyaları tətbiq edərsə, Brent markalı neftin qiyməti qısa zamanda 100 dollarlıq psixoloji həddi keçə və rubl kəskin ucuzlaşa bilər. Bu baxımdan, indi bütün gözlər Vaşinqtondadır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər