18 Mart 2022 14:25
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2022-ci il əksər ölkələrdə inflyasiyanı tənzimləmək və milli valyutaları qorumaq heç də asan olmayacaq”.

Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, ABŞ Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini 25 baza bəndi artıraraq illik 0,25-0,5%-ə çatdırdıqdan sonra digər aparıcı ölkələrdə də uçot stavkası dəyişdirilməkdir: “Məlumat üçün qeyd edim ki, FED-in əvvəlki faiz artımı 2018-ci ilin dekabrında olub və o vaxtdan bəri baza faiz dərəcəsi yalnız azalıb.

ABŞ-dakı qərardan sonra İngiltərə Bankı da uçot dərəcəsinin 0.5 faizdən 0.75 faizədək artırıb. Rusiya-Ukrayna müharibəsi səbəbindən Böyük Britaniyada inflyasiya səviyyəsinin yayadək 8 faizədək yüksələcəyi gözlənilir.

Avropa Mərkəzi Bankı uçot stavkasının artırılmasına tələsməsə də, avrozonada aylıq inflyasiya səviyyəsi ötən ay 5.9 fazədək yüksəlib. Bununla belə, ekspertlər avrozonada da uçot dərəcəsinin tezliklə dəyişdiriləcəyini istisna etmirlər”.

Analitikin sözlərinə görə, FES-in son qərarı dolların məzənnəsinin əksər səbət valyutalarına nisbətən yüksəldib: “Rusiya-Ukrayna müharibəsi region ölkələrinin valyutalarına da təsirsiz ötüşməyib. Görünən odur ki, 2022-ci il əskər ölkələr üçün inflyasiyanı tənzimləmək və milli valyutaları qorumaq baxımdan heç də asan olmayacaq. Rusiya-Ukrayna müharibəsi hələ çox dəngələri dəyişəcək.

Azərbaycan Mərkəzi Bankı (AMB) ötən ilin avqust ayından etibarən uçot dərəcəsinin mərhələli artımını həyata keçirir. Sözügedən müddətdə uçot stavkası 6.5 faizdən 7.5 faizdək yüksəlib. Sonuncu dəfə dərəcə artımı bu il yanvarın 28-də qeydə alınıb.

Bununla belə, AMB Ukraynada müharibə başladıqdan sonra uçot dərəcəsini dəyişdirilməsi barədə qərar verməyib. Rublun kəskin ucuzlaşması, region ölkələrinin valyuta bazarında müşahidə edilən dalğalanmalar və eləcə də qlobal inflyasiya səviyyəsinin kəskin artdığı bir dövrdə Mərkəzi Bank tərəfindən də preventiv addımların gücləndirilməsi və xüsusən uçot dərəcəsi kimi alətlərdən daha intensiv istifadə edilməsi məqsədəuyğundur”.


Müəllif: Yeganə Oqtayqızı