Dünyada dolların güclənməsi ilə qızılın unsiya qiyməti son üç ayın aşağı səviyyəsinə düşüb. Həftənin ilk ticarət günündə qızılın unsiya qiymətində eniş tendensiyası gün ərzində davam edib və yanvarın 31-dən bəri ən aşağı səviyyəyə çatıb.
Mayın 16-da qızılın unsiyasının ən yüksək səviyyəsi 1882, ən aşağı səviyyəsi isə 1786 dollar olub. Sonrakı dəqiqələrdə qızılın unsiyası 0,51 faiz azalaraq 1802 dollara satılıb.
Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/1$ səviyyəsində saxlayıb.
AMB həmçinin manatın avroya nisbətən rəsmi məzənnəsini 1,7683 manat/1EUR səviyyəsində (mayın 13-nə 1,7674 manat/1EUR) müəyyən edib.
Son vaxtlar dünya birjasında dolların avro, digər səhm və aktivlər qarşısında möhkəmlənməsi müşahidə olunur. Analitiklər hesab edir ki, buna səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FES) ötən iclasında uçot dərəcəsinin artım qərarı olub. Qərar Avropada əks proseslə nəticələnib. Avro üç ayda 14 faiz dəyərsizləşib, Avropada inflyasiya isə son 30 ilin ən yüksək həddinə satıb.
İqtisadçı Natiq Cəfərli Teleqraf.com-a bildirib ki, dünya birjalarında əsas hərəkətverici qüvvə ABŞ-ın Mərkəzi Bankı səlahiyyətində olan maliyyə strukturu Federal Ehtiyat Sistemidir (FES).
Ekspert qeyd edib ki, uçot dərəcəsinin sürətlə artması, birjalardan əvvəl verdiyi kreditləri və likvidliyi toplaması dollar indeksini sürətlə bahalaşdırır: “Dünya valyutalarına nisbətən dolların bahalaşması digər aktivlərə, o cümlədən qızıla da təsir göstərir. Çünki bahalı dollar həmişə qızılı ucuzlaşdırır. Dollar ucuzlaşanda yatırımçılar ehtiyatlarını qızılda saxlamağa önəm verirlər. İndi dollar çox sürətlə bahalaşır deyə, yatırımçılar öz yatırımlarını qızılda saxlamağa o qədər də ehtiyac duymurlar.
Əgər geosiyasi gərginlik olmasaydı, qızıl daha çox dəyərdən düşərdi. Hələlik qızılın 1 unsiyasının 1800 dollardan yuxarı olmasının yeganə səbəbi dünyada geosiyasi vəziyyətin gərginləşməsidir. Geosiyasi vəziyyət gərgin olmasaydı indiki dollar indeksi ilə qızılın 1 unsiyası təqribən 1500-1600 dollar olardı. Hələlik bu gərginlik qızılın qiymətini 1800 dollar civarında saxlayır.
Gərginlik azalarsa, müharibə səngiyərsə və FES də iyunda növbəti faiz artımına gedərsə, bu zaman qızılın qiymətində ciddi enmələr müşahidə edəcəyik. Ona görə yatırımçıların indi qızıl almaqdansa, bir az gözləmələri daha məsləhətdir”.
Natiq Cəfərli deyir ki, dünya birjalarında avro dollar qarşısında dəyər itirir: “Son 2 ayda avronun məzənnəsi təqribən 13-14 faizə yaxın dəyər itirib. Rusiya-Ukrayna müharibəsindən öncə yanvarın sonu, fevralın əvvəllərində 1 avro təqribən 12-13 sentə bərabər idi. Hazırda 1 avro 1 dollar 4 sentə bərabərdir. Bu, kifayət qədər ciddi dəyərdən düşmə hesab olunur. Buna görə də dolların bahalaşması digər aktivlərə, o cümlədən qızıla, səhm bazarlarına, kriptovalyutalara ciddi neqativ təsir göstərir. Hazırda sadaladığımız digər aktivlərin bazarında ciddi enmə müşahidə olunur”.
Analitik hesab edir ki, Avropa Mərkəzi Bankının passivliyi avronun dəyərdən düşməsinə səbəb olub:
“Nə qədər qəribə səslənsə də, bu, Avropa İttifaqı üçün o qədər də fəlakətli və pis ssenari deyil. Çünki avronun dəyərdən düşməsi ixracatı artıran amildir. Avro dəyərdən düşməsi ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ-a Avropadan ixracatı təqribən üçdə bir səviyyəsində artırıb. Yəni ucuz avro avrozonadan ixracatı artıran amilə çevrilir. Ancaq daha çox dəyərdən düşmə inflyasiya prosesini də sürətləndirə bilər.
Ona görə də hesab edirəm ki, iyun ayında Avropa Mərkəzi Bankı da FES kimi faiz artımı ilə bağlı qərar verə bilər. Amma FES-dən fərqli olaraq, kəskin yox, təqribən 0,25 faiz bəndi artırması mümkündür. Bu zaman 1 avro 1 dollar 5 sent səviyyəsində sabitləşə bilər. Əgər bu addımı atmasalar, dollarla avro arasında paritet yaranacaq, yəni iyun-iyul aylarında 1 avronun 1 dollara bərabər olmasını görə bilərik”.