“Bölgələrdə aparılan son struktur və kadr dəyişikliklərinin əsas məqsədlərindən biri rayonlarda iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına nail olmaqdır. İslahatlar bölgələrdə investisiya mühitinin daha da yaxşılaşdırılmasını və gizli iqtisadiyyatın minimumlaşdırılmasını hədəfləyir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, regionlarda yeni, xüsusən də ixtisaslı kadrlar üçün iş yerlərinin yaradılması çox vacibdir: “Bu isə bölgələrə daha çox sərmayənin cəlb edilməsi məsələsini daha da aktuallaşdırır. Yeri investisiya qoyuluşlarında bank kreditləri xüsusi paya malik olmalıdır. Bununla belə, rəsmi statistika təsdiq edir ki, hələ də banklar bölgələri maliyyələşdirməkdə maraqlı deyillər”.
Vüqar Bayramov Mərkəzi Banka istinadən deyir ki, bu ilin iyul ayında ölkə üzrə kredit portfeli 18 milyard 320 milyon manat olub: “Kreditlərin 14 milyard 201 milyon manatı Bakı şəhərinin payına düşüb. Bu o deməkdir ki, ümumi kredit qoyuluşunun 77 faizindən çox yalnız Bakı şəhərinin, 705 milyon manat kredit isə Abşeron-Xızı iqtisadi rayonun payına düşüb. Sözügedən iqtisadi rayon üzrə kreditləşməni nəzərə alsaq, bu, verilən hər 100 manatlıq kreditin 81 manatın Bakı və Abşeronun payına düşməsi deməkdir. Bütün regionlar isə bütövlükdə hər 100 manatlıq kreditin cəmi 19 manatına sahib ola bilirlər”.
İqtisadçı qeyd edib ki, özəl banklar kreditləşmədə müstəqil qərar verdikləri üçün risk amili daxil olmaqla fərqli faktorları nəzərə alırlar:
“Digər tərəfdən, inzibati yollarla bankları kreditləşməyə istiqamətləndirmək də düzgün olmazdı. Bununla belə, bir sıra inkişaf etmiş ölkələrin praktikasında olduğu kimi, bankları regionlarda biznesin maliyyələşdirilməsinə stimullaşdırılması və təşviq edilməsi çox vacibdir. Bu bölgələrimiz daha çox maliyyə resursları əldə etməsinə və inkişafına təkan verə bilər.
Monitorinqlər göstərir ki, bankların regionlara daha az kredit ayırmasının əsas səbəblərindən biri də rayonlarda yaşayan sahibkarlar üçün girov mexanizmi şərtlərinin ağır olmasıdır. Belə ki, banklar əksər hallarda kredit ayıran zaman paytaxtda girov tələb edirlər ki, əksər yerli sahibkarların bu imkanları olmur. O baxımdan, girov mexanizmi təkmilləşdirilməli və regionlarda fəaliyyət göstərən sahibkarlar üçün güzəştli kreditləri həcmi artırılmalıdır. İnkluziv və balanslı iqtisadi inkişafın güclənməsi üçün regionlarda fəaliyyət göstərən sahibkarların ucuz kreditlərə çıxış imkanlarının artırılması vacib şərtlərdəndir”.