12 Avqust 2022 14:20
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-iyul ayları ərzində əhali sektoru üzrə qeydiyyatda olan abonentlərin ümumi sayının 68,5 %-i, yəni 1 milyon 667 min 301 abonent təbii qazdan aşağı tariflə istifadə edib.

Teleqraf.com xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktorun satış üzrə müavini Rəşad Cavadov bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, aşağı tariflə təyin olunmuş limiti aşmış abonentlərin sayı ümumi abonentlərin 31,5 %-ni, yəni 767 min 470 abonent təşkil edir.

Qeyd edək ki, Azərbaycanda əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satışı üçpilləli tarif sistemi ilə həyata keçirilir.

Ölkədə əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcminin 1 200 m3-dək (1 200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, 1 200-2 500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, 2 500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 25 qəpik ödəyir.


Müəllif: Yeganə Oqtayqızı