24 Avqust 2022 16:14
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

“923 milyon dollarlıq dövriyyə ilə Ukrayna Azərbaycanın post-sovet məkanında ikinci ən böyük ticarət tərəfdaşıdır. Son 5 ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 3 dəfəyə yaxın artıb. 2016-cı ildə bu rəqəm cəmi 333 milyon dollar idi”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, müharibəyə rəğmən, iki ölkə arasındakı ticarət dövriyyəsi bu ilin geridə qalan aylarında da qorunub saxlanılıb: “Cari ilin yanvar-iyul aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 476,5 milyon dollar olub. Həmin dövrdə Azərbaycan bu ölkədən 148 milyon 236 min dollarlıq məhsul idxal edib. Ölkəmizin Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 328 milyon 268 min dollar olub.

Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Azərbaycan Ukraynaya 20 milyon dollardan artıq humanitar yardım göndərib, təcili yardim və yanğın söndürən maşınlarını pulsuz benzinlə təmin edib. Azərbaycan Ukraynaya humanitar dəstəyini indi də davam etdirir. Avqustun 21-də Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin dəstəyi ilə reabilitasiya kursu keçmək üçün valideyn himayəsindən məhrum olmuş 7-17 yaşlı 28 uşaq və onları müşayiət edən 4 nəfər Bakıya gəlib.

Ölkələr arasındakı strateji münasibətlər kifayət qədər yüksək qiymətləndirilir. Tərəflər qarşılıqlı olaraq ərazi bütövlüklərini tanıyırlar”.

Vüqar Bayramov sonda Ukraynanı müstəqillik günü münasibətilə təbrik edib.


Müəllif: Yeganə Oqtayqızı