12 Sentyabr 2022 13:06
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsi də başa çatdı. Azərbaycanın ilk ağıllı kəndində məskunlaşma Böyük Qayıdışın başlanğıcıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, 1993-cü il işğalınadək bu inzibati ərazi 3 kəndi birləşdirib: “Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

Şərqi Zəngəzurla yanaşı Qarabağda aparılan intensiv yenidənqurma işləri məskunlaşmanın gözləniləndən daha tez baş verəcəyindən xəbər verir. Təbii ki, 30 illik işğal müddətində tamamilə dağıdılaraq xarabalığa çevrilən ərazilərimizin 30 ay müddətdən tam bərpası mümkün deyil və bu prosesin zaman tələb edəcəyi qaçılmazdır.

Dağıntıların miqyası bunu daha aydın şəkildə göstərir: Ermənistanın 30 illik işğalı zamanı Azərbaycan ərazisində 900 yaşayış məntəqəsi, 130 min 939 ev, 7 000 ictimai bina, 1 025 məktəb, 855 uşaq bağçası, 798 sağlamlıq ocağı, 927 kitabxana, 2389 obyekt tamamilə dağıdılıb. Bura nəqliyyat və digər infrastrukturun da dağıdılmasını əlavə etsək, o zaman ziyanın miqyası daha da böyüyür. Bu baxımdan, məskunlaşma yenidənqurma işlərinə uyğun olaraq mərhələli şəkildə həyata keçiriləcək”.

Vüqar Bayramov onu da vurğulayıb ki, uzun müddət işğal altına qalan ərazilərdə minaların sayının kəskin çox olması məskunlaşma prosesinə təsir edən faktorlardandır: “Yalnız Füzuli rayonunda 80 minədək minanın olduğu güman edilir. Ona görə də, məskunlaşma əhalinin təhlükəsizliyi gözlənilməklə ağıllı qayıdış formasında həyata keçirilir. Minadan təmizləmə işinin sürətlə aparılması da, məhz əhalimizin təhlükəsizliyini qorumaq məqsədi daşıyır.

Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur və bərpa edilir. Tezliklə Böyük Qayıdışın yeni mərhələləri başlayacaq. Gülüş və həyat Qarabağa qayıdır. Bu dəfə daimi”.


Müəllif: Yeganə Oqtayqızı