İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Fransanın “Total” şirkətinin Avropa və Mərkəzi Asiya regionu üzrə baş vitse-prezidenti Maykl Borrelli qəbul edib.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Fransa arasında iqtisadi əlaqələrin genişləndiyini vurğulayıb, əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini qeyd edib.
Fransa şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində uğurlu fəaliyyətini qeyd edən Ş. Mustafayev tikinti, infrastruktur, təhsil və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycanda həyata keçirilən ekoloji layihələr barədə də məlumat verilib. Bildirilib ki, tarixən, xüsusilə də Sovet dövründə neft və s. tullantılarla çirklənmiş Böyükşör gölünün bərpası və ekoloji vəziyyətinin yaxşılaşdırılması işləri davam etdirilir.
“Total” şirkətinin Avropa və Mərkəzi Asiya regionu üzrə baş vitse-prezidenti Maykl Borrelli ölkəmizə səfərindən məmnunluğunu ifadə etmiş, təmsil etdiyi şirkətin fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, şirkət dünyanın 130-dan artıq ölkəsində, o cümlədən Azərbaycanda fəaliyyət göstərir və bir sıra layihələrin icrasında iştirak edir.