15 Dekabr 2022 19:57
1 873
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Trans-Anadolu Qaz Kəməri (TANAP) bütün həcmini doldurub. Yeni bir xətt qurmaq üçün işi bir ay ərzində yekunlaşdırmaq tapşırığını verdim”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan-Türkmənistan Prezidentlərinin üçtərəfli zirvə görüşünə qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.

Prezident yeni xətt üçün danışıqların aparılacağını bildirib: “Energetika nazirimizə göstəriş vermişəm, bir ay ərzində Azərbaycan və Türkmənistandakı həmkarları ilə görüşüb bu məsələni heç bir gecikmə olmadan yekunlaşdıracaq. Onlar yekunlaşdıqdan sonra danışıqlarımızı aparacağıq. 2023-cü ilin əvvəlində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov inşallah Türkiyəyə rəsmi səfər edəcək. Ümid edirəm ki, bu işin sonunu orada qoyacağıq. Eyni zamanda bunları Prezident İlham Əliyevlə də müzakirə edəcəyik. Biz bu addımı tez atacağıq və ümid edirik ki, bu prosesi asanlaşdıracağıq. Dostlarımız yeni xətt yaradıb-yaratmamaq üzərində işləyəcəklər ki, buna uyğun addımlar atılsın. Təbii ki, biz bunu üç lider arasında müzakirə etdik. İşin texniki infrastrukturunu, xərc ölçülərini müzakirə edərək gələcəyə doğru addım atmalı olacağıq. Bundan sonra Avropa İttifaqı məsələsini müzakirə edəcəyik".

Ərdoğan Türkmənistanın təbii qazının Türkiyə və Avropaya çatması üçün göstərdiyi səyləri də şərh edib: “Cənab Putinin Türkmənistanla əlaqələri çox inkişaf etmiş bir mövqedə idi. Türkmənistan qazından da bəhrələnirdi. Təbii ki, indi yeni proses başlayıb. Bu yeni prosesdə Rusiya qazını Avropaya satmaqda Putinin əvvəlki rahatlığı yoxdur. Hazırda Türkmənistanın belə bir imkan var. Amma Türkiyə türkmən qazını Avropaya satmaq baxımından əhəmiyyətli bir mərkəzdir.

Həm Rusiya, həm də Türkmənistan təbii qazının bizim vasitəmizlə Avropaya satışı mühüm addım olacaq. Ancaq burada atılmalı olan bir addım var. Bu, Xəzərin sahilyanı ölkə kimi Türkmənistanın Azərbaycanla bu məsələni həll etməsi məsələsi var. Hazırda danışıqlar davam edir. Bu gün bizimlə keçirilən görüşlərdə müsbət nəticələr əldə olunub. Bu müsbət məqamda işin üç ölçüsü var. Birincisi, Azərbaycan və Türkmənistan bu addımı atarkən işin maliyyə tərəfini kim, nə qədər öz üzərinə götürəcək? Azərbaycan və Türkmənistan bu məsələdə işi bölüşməlidir. Əslində, biz Türkiyə olaraq bu məsələdə iştirak etmək niyyətindəyiksə, bununla bağlı maliyyə yükünü öz üzərimizə götürməliyik. Əgər Avropa İttifaqı da bu işdə yer alacaqsa, İttifaq maliyyə yükünün nə qədərini öz üzərinə götürəcək? Bu gün bir qərara gəldik. Bu qərarda üç ölkə: Türkiyə, Azərbaycan və Türkmənistanın energetika nazirləri təcili bir araya gələcək və bu məsələnin təfərrüatlarını ətraflı müzakirə edəcəklər”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər