Kənd Təsərrüfatı Nazirliyi ət istehsalının artığını bildirir Kənd Təsərrüfatı Nazirliyi ötən ilin müvafiq dövrü ilə müqayisədə ət, süd, yumurta, yun istehsalında artım müşahidə olunduğunu bəyan edib.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, 2014-cü ildə ölkə üzrə heyvandarlıq məhsullarının istehsalında artım dinamikası saxlanılıb və əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində lazımi tədbirlər həyata keçirilib:
“Bu məqsədilə sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvan satılması işi davam etdirilmiş və heyvanlar arasında aparılan süni mayalama tədbirləri genişləndirilib. Nəticədə keçən ilin müvafiq dövründən artıq heyvandarlıq məhsulları istehsal edilib və mal qaranın məhsuldarlıq göstəriciləri də keçən ilin müvafiq dövrünə nisbətən artıb.
Belə ki, 2014-cü ildə keçən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 101,5 faiz, süd istehsalı 103,5 faiz, yumurta istehsalı 111,4 faiz, yun istehsalı isə 101,7 faiz təşkil edib”.
NİGAR