1 Fevral 2023 13:48
1 730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bu gündən bankda olan əmanətlər vergiyə cəlb olunacaq.

Banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində vergidən azad edilmişdi. Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, yerli və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad idi. Artıq bu müddət bu gün başa çatır.

Qərarın 7 ildən sonra ləğvi və verginin ümumi depozitə görə tətbiq olunacağı kimi məsələlər maraq doğurur.

İqtisadçı Rəşad Həsənov Teleqraf.com-a bildirib ki, məlum qərarda məbləğ limiti yoxdur.

O bildirib ki, 10 faiz məbləğində ödəmə mənbəyindən vergi tutulur: “Yerləşdirilmiş əmanətlərdən əldə olunan gəlirlərin 10 faizi həcmində banklar tərəfindən vergi hesablanaraq tutulur və aidiyyəti üzrə Dövlət Vergi Xidmətinin hesablarına köçürülür. Tutaq ki, əmanətçi banka 10 min manat depozit yatırıb. İl sonunda əmanətin 1 000 manat gəliri olub. Gəlirin 100 manatını aidiyyəti qurum, yəni bank özündə saxlamaqla vergi xidmətinə ödəməlidir”.

Gəlir olmadığı halda vəziyyətin necə dəyişməsinə gəlincə, analitik qeyd edib ki, əmanətin gəlirli olmaması kimi bir təcrübə Azərbaycanda yoxdur: “Əmanətlərdə gəlir o halda olmaya bilər ki, depozit banklara sıfır faizlə yerləşdirilir. Sıfır faizlə kim əmanət yerləşdirər?! Doğrudur, inkişaf etmiş ölkələrdə belə bir təcrübə var. Deflyasiya (şişirmə, yerli valyutanın alıcılıq qabiliyyətinin artması) dövrlərində, eyni zamanda vəsaitlərin təhlükəsizliyinin saxlanması ilə bağlı daha çox müşahidə olan bir yanaşmadır. Amma bu yanaşma ölkəmizdə mövcud deyil. Gəlir olmadığı təqdirdə təbii ki, məntiqlə vergi də olmayacaq. Çünki vergi gəlirə tətbiq olunur. Gəlir 1 manatdırsa, 10 qəpik, 100 manatdırsa, 10 manat hesablanır”.

Gəlir vergisi istənilən vaxt, uzun və qısa müddətli dövrdə götürülə bilən depozitlərin növlərinə də şamil olunurmu?

Rəşad Həsənovun sözlərinə görə, depozitin növündən asılı olmayaraq məlum vergidə faiz dəyişir: “Bəzi hallarda faiz məbləği aşağı düşür və gəlirin ödənilməsi reqlamenti dəyişir. Yəni ayda bir dəfə, yaxud dövrün sonunda ödənilir. Gəlir nə vaxt ödənilirsə, tutulma o vaxt həyata keçirilir”.

Mütəxəssis sözügedən güzəştin müddətinin bitməsinin təsirlərinə də toxunub: “Azərbaycanda ümumiyyətlə, bank sektorunda izafi likvidlik var. İzafi likvidlik faizləri aşağı salır. Sığorta olunan əmanət faizləri 12 faizdir. Amma faktiki olaraq bazarda banklar əksər hallarda 6-7 faizlə əmanət cəlb edirlər. 6-7 faizlə cəlb olunan əmanətin təxminən 6-7 faizi də əlavə tutulacaq. Ümumiyyətlə, faiz dərəcəsi 5-ə doğru gedəcək. Bu faiz dərəcəsi də gözlənilən inflyasiyadan aşağı olacaq.

Bank əmanətlərinin yerləşdirilməsində məqsədlərdən birincisi gəlir əldə etməkdirsə, ikincisi, vəsaitləri inflyasiya risklərindən qorumaqdır. Belə olduğu təqdirdə insanlar inflyasiyanın yüksək olduğunu nəzərə alaraq həmin vəsaitləri banklardan ya çıxaracaqlar, ya da vaxtı çatanda müqaviləni yeniləməyəcəklər. Bir sözlə, yeni əmanətlər yatırılmayacaq. Bu zaman həmin vəsaitlər bazara yönələ bilər. Bazarda əlavə pul kütləsinin artması inflyasiya təzyiqini daha da artıracaq.

Digər tərəfdən, indiki halda bizim yığıma, əhalinin əlində olan passiv yığımların da iqtisadiyyata cəlb edilməsinə ehtiyacımız var. Çünki həm post-pandemiya, həm post-işğal, bir tərəfdən iqtisadi aktivlik, digər tərəfdən də bərpanın maliyyə mənbələrinin formalaşdırılması zərurəti yaradır.

Belə bir vəziyyətdə əmanətlərin banklarda azalması heç də arzuolunan deyil. Bu, özəl vəsaitlərin, eyni zamanda bank sektorunun özünün quruculuq prosesində iştirakçılığını zəiflədir”.

İqtisad üzrə elmlər doktoru Elşad Məmmədov isə hesab edir ki, 7 il müddətində əmanətlərin gəlir vergisindən azad olunması banklara daha çox depozitin cəlb edilməsinə və investisiya axınının sürətlənməsinə imkan yaradıb:

“Rəqəmlərə ümumi nəzər salsaq görərik ki, bu dövrdə banklarda mövcud olan əmanətlərin həcmi artıb. O cümlədən milli valyutada ifadə olunan depozitlərin də xüsusi çəkisində artımı müşahidə olunub. Hesab edirəm ki, bu, müsbət addım idi. Bu qərarın müddətinin uzadılmaması ilə aydın olur ki, əmanətlərə yenidən gəlir vergisi tətbiq ediləcək.

Etiraf edim ki, bu qərarın hansı məntiqlə verildiyini anlaya bilmirəm. Çünki hazırkı şəraitdə ölkədə iqtisadi imkanlar həmin dövrlə müqayisədə artıb. Bu da o deməkdir ki, istər bank sektorunda, istər büdcə öhdəliklərinin yerinə yetirilməsində, istərsə də vergi yığımı ilə bağlı hansısa problemləri, likvidlik və vəsait çatışmazlığını görmürük. Bu nöqteyi-nəzərdən burada bir zərurət yoxdur”.

İqtisadçının sözlərinə görə, əmanətlərin yenidən gəlir vergisinə cəlb olunması fiskal siyasətin sərtləşdirilməsidir, həmçinin pulun və potensial investisiyaların geri çəkilməsidir: “Bu tip qərarların tərəfdarı ola bilmərəm. O hallarda pul-kredit, fiskal siyasət sərtləşdirilə bilər ki, ölkədə artıq pul kütləsi var. Amma Azərbaycanda belə proses müşahidə edilmir. Ona görə də hesab edirəm ki, bu, ilk növbədə bank sektorundakı investisiya yönümlü kreditlərin artmasına öz mənfi təsirini göstərəcək.

Bu, həm də ölkədə investisiya mühitinə təkan verən qərar olmayacaq. Halbuki milli iqtisadiyyatımızın ən zəruri istiqamətlərindən biri məhz investisiyaların artmasına olan tələbatın ödənilməsidir. Zənnimcə, bu tip qərarlarla bunu təmin etmək mümkün deyil, qaydanın əks effektini görmək olar”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər