3 Fevral 2023 12:24
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası keçirilir.

Teleqraf.com xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov iclasın əhəmiyyətindən danışıb.

O bildirib ki, Cənub Qaz Dəhlizi nəinki region, bütün Avropa üçün ən vacib təşəbbüslərdən sayılır: “Etiraf etmək lazımdır ki, Cənub Qaz Dəhlizinin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olub.

Builki iclas tamamilə fərqli dövrə təsadüf edir. Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Avropada enerji böhranın dərinləşməsi və regionda diversifikasiyanın daha da prioritetləşdiyi dövrdə bu iclas geniş miqyaslı coğrafiyada enerji istiqamətlərinin müəyyənləşdirilməsinə təsir edəcək.

Digər tərəfdən, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu artmaqdadır. Ötən il Azərbaycanın Avropaya qaz ixracatı 39.0 faiz artıb. Bütövlükdə son 2 ildə Azərbaycan Avropa İttifaqına 20 milyard kub metrdən çox qaz ixrac edib”.

Deputat ötən ilin iyul ayında Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumunun imzalandığına da diqqət çəkib: “Bu Memorandumu nəzərə alsaq bunun üçün qarşıdakı dövrdə istismara verilməsi planlaşdırılan “Abşeron”, “Ümid”, “Asiman”, “Şəfəq” və “Babək” kimi qaz yataqlarının işlənməsi üçün yeni sərmayələrin cəlbi də prioritet olaraq qalmaqdadır.

TAP kəməri vasitəsilə Avropaya ikinci mərhələdə 20 milyard qaz nəql ediləcək. Bütövlükdə CQD-nin ötürmə qabiliyyətinin 32 milyard kubmetrə çatdırılması imkanı var. Cənub Qaz Dəhlizi Azərbaycanın regional mövqeyinin daha da möhkəmlənməsinə imkan yaradır. Gələcək illərdə bu layihə region və qitə üçün əhəmiyyətli olmaqda davam edəcək”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər