7 Fevral 2023 13:24
1 765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə zəlzələ fəlakətini yaşayır. Zəlzələdən heç bir ölkə sığortalanmasa da, təbii fəlakətin nə dərəcədə böyük dağıntıya səbəb olması ağıllara tikintidə keyfiyyət məsələsini gətirir. Türkiyə seysmoloji bölgədir, orada mütəmadi zəlzələlər baş verir. Buna görə də tikililər zəlzələnin dağıdıcılıq gücü nəzərə alınmaqla inşa olunmalı idi.

Bu gün Türkiyə mediasında tikintiyə nəzarət məsələsi geniş müzakirə olunur. Foto və videolardan görünür ki, köhnə tikililərlə yanaşı, müasir hündürmərtəbəli binalar da zəlzələyə davam gətirmir.

Hələ 1999-cu ildə avqustun 17-də Türkiyədə (İzmit) baş verən zəlzələnin gətirdiyi fəlakətlər daha böyük olmuşdu. Rəsmi məlumatlara görə, 7,6 bal gücündə baş verən zəlzələ zamanı 17 217 insan ölmüş, 43 959 nəfər yaralanmışdı, 500 min nəfər isə evsiz-eşiksiz qalmışdı. Bundan əlavə, 120 min bina tamamilə dağılmışdı və onları yenidən bərpa etmək məqsədəuyğun hesab edilmədi. 50 min bina isə ciddi şəkildə zədələnmiş, 2000 bina isə çökmüşdü. Zəlzələ nəticəsində Türkiyəyə 25 milyard dollar zərər dəymişdi.

Yəni Türkiyənin zəlzələ təcrübəsinin olduğunu əsas gətirən mütəxəssislər düşünürlər ki, ölkədə son 20 ildə ən azı 8 bala davamlı bina tikilsəydi, dağıntı və insan tələfatı çox olmazdı.

Əmlak sektoru üzrə mütəxəssis Ramil Osmanlı Teleqraf.com-a bildirib ki, zəlzələnin gücü və başvermə müddəti həddən artıq çoxdur.

Ekspert hesab edir ki, 7.7 bal gücündə zəlzələ böyük dağıntılar törədə bilən amildir: “Biri var 10-15 saniyə ərzində silkələnmə olur, bu zamanı zəlzələnin gücü yüksək də olsa, dağıntı az olur. Bir də var, zəlzələnin nüddəti uzun çəkir, bu zaman binaların zəlzələyə davamlılıq məsələsi arxa plana keçir.

Qənaətimcə, hazırkı durumda Türkiyədə baş verən zəlzələdə binaların seysmik davamlılığı o qədər də əhəmiyyətli deyil. Çünki zəlzələnin seysmik gücü həddən artıq yüksəkdir və baş vermə müddəti uzundur. Ona görə dağıntıların miqyası daha çoxdur”.

Mütəxəssisin qənaətincə, Türkiyədə tikinti sahəsində ixtisaslaşma və tikintiyə nəzarət olduqca yüksəkdir: “Sözsüz, bu məsələ araşdırılacaq. Amma inanmıram ki, araşdırmalar nəticəsində ortaya keyfiyyətlə bağlı çox ciddi problemlər çıxsın. İstisna deyil ki, dağılmış 50 binadan ikisində keyfiyyət aşağı olub. Ümumilikdə dağıntının bu qədər çox olmasını tikintininn keyfiyyətinə bağlamaq düzgün yanaşma deyil.

1999-cu ildə Türkiyədə baş verən zəlzələdə məlum oldu ki, tikintinin keyfiyyətində çox ciddi problemlər olub. Bu, Türkiyə dövlətinin apardığı araşdırmanın nəticəsindən sonra elan edildi. Həmin vaxt həbslər aparıldı. Bundan sonra Türkiyə tikinti ilə bağlı nəzarət proqramını xeyli dərəcədə genişləndirdi. Gələcəkdə bu cür problem yaranmaması üçün tikintiyə nəzarət edən qurumlar qarşısında yeni öhdəliklər qoyuldu, standartlar tətbiq olundu.

Təbii fəlakət nəticəsində dəymiş ziyanın həcminə dair göstəricilərin ortaya çıxması üçün uzun bir vaxt lazımdır. Qiymətləndirmə spesifik sahədir, bu, ciddi araşdırma tələb edir”.

Ramil Osmanlı Bakıda 2000-ci ildə baş vermiş güclü zəlzələni xatırladıb: “6.8 ballıq zəlzələ bəzi tikili dağılmışdı, evlərdə çat yaranmışdı. O dövrdə Bakı şəhərinin əksər hissəsində seysmik cəhətdən kifayət qədər dayanıqlı olmayan, eyni zamanda istismar müddəti başa çatmış binalardan ibarət idi. Sadəcə həmin vaxt silkələnmə müddəti qısa olduğu üçün çox dağıntı qeydə alınmamışdı. Bu o demək deyil ki, Bakıdakı binalar hamısı idealdır, zəlzələyə tam şəkildə dayanıqlı idi ona görə uçmadı. Elə vaxt olub ki, paytaxtda zəlzələ olmayıb, amma hündümərtəbəli bina çöküb. Bu, başqa bir məsələdir. Seysmik hadisə varsa, burada keyfiyyət məsələsi ikinci plana keçir”.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş Pazarcık rayonunda 7,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Gaziantep, Şanlıurfa, Diyarbakır, Malatya ve Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edilib.

Yenilənən ən son məlumatlara görə, zəlzələ nəticəsində ölənlərin sayı 3 419-a çatıb, 20 534 nəfər yaralanıb. Təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər