Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisdə Azərbaycanda mediaya verilən maddi yardımların vergilərdən azad edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olundu.
Layihənin qeyd hissəsində əsaslandırılıb ki, “Media haqqında” qanunun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur.
Qanun layihəsinə əsasən media subyektlərinin onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımların gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi təklif edilir.
Məcəlləyə dəyişiklik layihəsi qəbul ediləcəyi təqdirdə qanun 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq və audiovizual media subyektlərinə şamil olunmayacaq.
Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) təsisçisi Müşfiq Ələsgərli məcəlləyə olunan dəyişikliyi Teleqraf.com-a şərh edib.
O bildirib ki, hazırda peşəkar media qurumları sosial mediaya ilə ədalətsiz rəqabət mühitində yaşayırlar: “Beynəlxalq investorlar öz investisiyalarını daha çox sosial medianın inkişafına yönəldirlər. Amma peşəkar media son illər bu cür investisiyalardan kənar qalır. Bu isə ortalıqda sosial media ilə peşəkar media arasında ədalətsiz bir rəqabət mühiti yaradır.
Sosial şəbəkələr üzərindən verilən reklamlar, elanlar və digər fəaliyyətdən əldə olunan gəlirlər onların adminlərinə, yəni Azərbaycandan xaricdə olan kənar mənbələrə gedir. Azərbaycan media subyektləri isə böyük bir maliyyə mənbəyindən məhrum olurdu. Bu baxımdan uzun müddətdir ki, media ekspertləri Azərbaycanda peşəkar media subyektlərinə müəyyən güzəştlərin tətbiq edilməsi ilə bağlı təkliflər verirdilər. Bu təkliflər peşəkar medianı bu ədalətsiz rəqabət mühitində dayanıqlığını və maddi imkanlarını möhkəmləndirməyə yönəlib.
Amma təəssüf ki, media məkanının özündə mövcud olan xaotik durum, yalançı kəmiyyət çoxluğu bu cür sosial proqramların həyata keçirilməsinə imkan vermirdi”.
Müşfiq Ələsgərli onu da vurğulayıb ki, Media Reyestrinin işə düşməsi bu sektordakı xaotik durumu aradan qaldırır: “Yalançı KİV-lə peşəkar medianın sərhədlərinin cızılması dövlətə peşəkar media qurumları üçün müəyyən güzəştlər tətbiq etməyə imkan yaradacaq. Biz artıq həmin dövrə gəlib çatmışıq. Hazırda Milli Məclisdə MEDİA tərəfindən verilən təşəbbüs əsasında müzakirə olunan onlayn və çap mediası üçün nəzərdə tutulan yardımların və digər gəlirlərin vergidən azad edilməsi məsələsi peşəkar KİV-lər üçün ciddi mənbə rolunu oynayacaq.
Əlbəttə, bu, dövlət büdcəsinə böyük bir ağırlıq gətirmir. Belə ki, onlayn və çap mediası ümumi dövriyyədən və ya reklamlardan dövlət büdcəsinə illik vergi ödəyir. Bu cür ödənişlərin ümumi məbləği 10 milyon manatdır. Güzəştlər nəticəsində bu 10 milyon manat dövlətə ödənilməyəcək. Bu məbləğ KİV-lər üçün çox böyük rəqəmdir. Dövlət büdcəsinə xüsusi ziyan vurmadan peşəkar KİV-lərin gəlirlərin artmasında böyük rol oynayacaq. Nəticədə informasiya məkanımız, bütövlükdə cəmiyyətimiz bundan uduş əldə edəcək.
Ölkədə peşəkar medianın maliyyə mənbələrinin inkişaf etməsi, paralel olaraq peşəkar jurnalistika ilə məşğul olan şəxslərin də sosial durumlarının yaxşılaşdırılmasına, peşəkar media məkanının inkişaf etməsinə təkan verəcək. Bu baxımdan aparılan bu müzakirələr alqışlayırıq və normal qərarların veriləcəyinə ümid edirik”.