Akdeniz Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsinin professoru Mustafa Yıldıran Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Mustafa bəy, öncə Türkiyədə baş vermiş zəlzələdən dolayı qardaş xalqa səbir diləyirik. Bildiyimiz kimi, Kahramanmaraşda 10 vilayəti təsir dairəsinə alan və minlərlə binanın dağılmasına, on minlərlə insanın ölümünə səbəb olan şiddətli zəlzələ meydana gəldi. Təbii ki, güclü zəlzələnin iqtisadi hesabı da olacaq. Fəsadların ölçüsünü necə şərh edərdiniz?
- Zəlzələ çox üzücüdür. Vətənimizə böyük zərər dəydi. İnsan itkilərimiz hədsiz böyükdür. Türk millətinin dayanışması, Azərbaycan və türk dünyasından gələn yardımlar xalqımızın iztirabını az da olsa yüngülləşdirir, amma bu, son yüz ildə yaşadığımız ən böyük ağrıdır. Bunu aşmaq vacibdir. Millətimizin başı sağ olsun, ümid edirik ki, onların acısı tezliklə sağalacaq.
Maraşda 7.4 və 7.7 bal gücündə iki ard-arda zəlzələ böyük dağıdıcı təsir göstərdi.
Zəlzələnin iqtisadi təsirləri barədə indi danışmaq mümkün deyil. İnsan itkilərimiz çoxdur. Bunun yol açdığı psixoloji və digər travmalar sağalmadan iqtisadi ziyandan danışmaq etik görünmür. Amma bəzi müşahidələr söyləmək olar.
Bizim üçün ən böyük təcrübə 1999-cu il avqustun 16-dan 17-nə keçən gecə yaşandı. Episentri Gölcük olan 7,4 bal gücündə zəlzələ İstanbulda da hiss olunmuşdu. Bu zəlzələnin xərclərini təhlil edərək bəzi analizlər aparmaq olar. Həmin zəlzələdə Türkiyə iqtisadiyyatı təxminən 6 milyard dollara yaxın böyük bir itkiylə qarşlaşdı. O dövrdə Türkiyə iqtisadiyyatının böyüklüyü 250 milyard dollar civarında idi. İqtisadiyyatda 4 faizə qədər kiçilmə oldu. Çoxlu binalardan və buna bənzər şeylərdən yaranan xərclər ortaya çıxdı. Bundan əlavə, insan itkisi və psixoloji faktorlardan ibarət xərclər də vardı.
Əslində Türkiyənin iqtisadi cəhətdən birinci prioritet zonası Marmaradır, ikinci, Egeylə Akdeniz bölgəsinin qərb tərəfləri, üçüncü əsas bölgə də Antep və Hatay çevrəsidir.
Antep və Hatay bölgələri Türkiyədə iki istiqamətdən çox önəmlidir. Birinci, Türkiyənin ən önəmli kənd təsərrüfatı hövzələri bu bölgədədir. Maraş, Antep və Hatay bölgəsində çox məhsuldar düzənliklər var. Bu düzənliklərdən Türkiyənin ən böyük kənd təsərrüfatı daxilolmaları təmin edilir. Türkiyə iqtisadiyyatına birbaşa təsir göstərən amillərdən biri buradır.
Bir şeyi də söyləməliyik. Zəlzələ mütəxəssislərinin xəbərdarlıqlarına rəğmən, bu məhsuldar düzənliklərdə tikinti işləri aparıldı. Son zəlzələdə həmin inşaatların çökməsi xüsusilə nəzərə alınmalı məsələdir.
Türkiyədəki son 10 illik iqtisadi inkişafa baxsaq, xüsusilə Hatay, Antep İslahiye, eləcə də Kilisdə iqtisadi böyümənin çox sürətli getdiyini və ölkə iqtisadiyyatına xalis dəyər qatan əyalətlər arasında olduğunu görmək olar. Hatay və Antep xalça sənayesinin mərkəzidir, həmçinin sement sənayesi baxımından da əhəmiyyətlidir. Eyni zamanda Yaxın Şərqə ixrac edən mühüm sənaye mərkəzidir.
Hatay kənd təsərrüfatı mərkəzi olmaqla yanaşı, həm də İskəndərun limanı ilə bölgəyə açılan milli ticarət mərkəzidir. Dəmirçilik sənayesinin də ən əhəmiyyətli mərkəzi hesab olunur.
İndiyədək müəyyən edilmiş binaların sayı yalnız yaşayış sahələrinə aid tikililərdir. Amma burada ən önəmlisi sənaye müəssisələri, logistik mərkəzlər, regiondan keçən boru kəmərləridir. Məlumdur ki, Azərbaycandan başlayan Bakı-Tbilisi-Ceyhan və Kərkük-Yumurtalıq neft boru xətləri də bu bölgədən keçir. Zəlzələ baş verəndən sonra bu kəmərlərin fəaliyyəti müvəqqəti dayandırıldı. Ona görə də Türkiyəyə nə qədər zərərin dəydiyini müəyyən etmək zaman alacaq.
Beynəlxalq təşkilatların təsbitlərinə görə, Türkiyə iqtisadiyyatına dəyən zərər 4-5 milyard dollar civarındadır. Fikrimcə, bu rəqəmlərin düzgünlüyünü yenidən yoxlamaq lazımdır.
- Bu fəlakət Türkiyə iqtisadiyyatına xarici sərmayələrin axınını dəyişdirə bilərmi?
- Türkiyə əvvəllər də, xüsusilə, 1999-cu ildə Gölcük zəlzələsində böyük fəlakət yaşadı. Amma bundan sonra Sakarya, Yalova, Bursa bölgələrinə 2000-2008-ci illər arasında Türkiyə tarixində ən böyük xarici sərmayə qoyulmuşdu. Ona görə də bu cür fəlakətlər problemlər yaratsa da, bir neçə ildən sonra iqtisadi təhlükəsizliyi təmin edəcək mühit hazırlandıqda xarici investisiyalar davam edəcək.
Xüsusilə Qaziantep, Kahramanmaraş, Kilis və Osmaniyə xətlərində Yaxın Şərqi maraqlandıracaq sənaye müəssisələri var. Bu sənaye müəssisələri zəlzələ baxımından təhlükəsiz yerlərdə yenidən fəaliyyətə başlayarsa, həm xarici investisiyaların bölgəyə yenidən gəlməsinə təsir edə, həm də daha etibarlı sənaye binaları tikilə bilər.
- Sizcə, xarici investisiya axının azalmaması üçün hökumət hansı addımları atmalıdır?
- Əslində Türkiyə zəlzələ mütəxəssisləri, geoloqlar baxımından dünyada ən qabaqcıl imkanlardan birinə malikdir. Ölkəmiz dünya çapında İstanbul Texniki Universiteti, Orta Şərq Texniki Universiteti kimi müəssisələrə sahibdir. Buradakı mütəxəssislər kifayət qədər bacarıqlıdır. Onların hazırladıqları zəlzələ hesabatları beynəlxalq səviyyədə qəbul olunur.
Türkiyənin zəlzələyə həssas iqtisadi xəritəsi bəllidir. Müəyyən araşdırımalar apardıqdan sonra etibarlı bölgələrin Ankara ətrafında cəmləşidiyini görmək olar. Ankaranı əsas götürsək, Yozqat, Kayseri, Mersin, Konya və Karaman kimi bölgələr də Türkiyənin zəlzələ baxımından ən təhlükəsiz əraziləri hesab oluna bilər.
Türkiyənin bundan sonrakı sərmayə strategiyası, hökumət proqramları, xüsusilə strateji və müdafiə sənayelərinin bu bölgələrə cəmləşməsi nəzərə alınacaq. Çünki İstanbul və ətrafı, şimal-şərq istiqaməti, xüsusilə Ərzuruma qədər olan xətt ən riskli zəlzələ bölgələridir. Buna görə də Türkiyənin Ankara və ətrafında strateji sənayenin yenidən qurulması zəlzələlərə qarşı atılan ən mühüm addımdır.
- Türkiyənin toparlanması üçün neçə il lazım ola bilər?
- Cari ildə Türkiyə iqtisadiyyatı bu zəlzələ travmasından böyük zərər görəcək. Amma Türkiyənin əsas iqtisadi gücü Marmara və Egey bölgəsindədir. Faktiki istehsal gücü də buradadır. Ona görə də daxili bazar baxımından iqtisadi canlanma çox sürətli olacaq.
Bununla belə, bölgənin əsas mərkəzləri olan Kahramanmaraş, Hatay və Antep ciddi zərərlə üz-üzədir. Hesab edirəm ki, şəhərlərdə binaların bərpasına, yenidən işlənməsinə, tikintisinə ən azı 3-4 il vaxt lazımdır. Əlbəttə, bunların ortaya çıxması üçün texniki hesabatlar olmalıdır.
Ümumilikdə bu fəlakət Türkiyə iqtisadiyyatına mənfi təsir edəcək. Lakin məhsuldar rayonlar hələ də iqtisadi imkanlar baxımından aktiv olduğundan bu mənfi təsirlər aradan qaldırılacaq. Əsas odur ki, gələcək zəlzələlərdə Türkiyənin riski yenidən hesablansın. Müvafiq olaraq iqtisadi təhlükəsizlik baxımından yeni sənaye və iqtisadi artım modeli aşkarlanmalıdır.
- Mustafa bəy, belə çətin bir gündə suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik.
- Mən təşəkkür edirəm. Xüsusilə azərbaycanlı qardaşlarımızın zəlzələyə göstərdiyi həssaslığa görə də təşəkkür edirik. İstər dövlət rəhbərliyi, istərsə də vətəndaşlar olaraq tez bir zamanda köməyə gəldikləri və bunu ürəkdən hiss etdikləri üçün hər zaman minnətdarıq.