31 Dekabr 2014 12:29
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

...Yeni ilin başlanğıcı

Ənənəvi olaraq bütün dünyada ayrı-ayrı sahələr üzrə ilin yekunları analiz edilir. Yola salmağa hazırlaşdığımız 2014-cü il Azərbaycanda da bir çox yenilik və dəyişikliklərlə yadda qaldı.

Yeni il başlayar-başlamaz Azərbaycanda sənayenin bəxti gətirdi desək, yanılmarıq. Çünki dövlət başçısının sərəncamı ilə bu il ölkədə “Sənaye ili” elan edildi. Ötən müddət ərzində rəqabət qabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələrin icrasına start verildi.

Milli sənayenin inkişafına dövlət dəstəyinin bir nümunəsi də Prezident İlham Əliyevin bu il oktyabrın 8-də imzaladığı “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” fərmanı oldu. Sənaye məhəllələrinin fəaliyyətinin təşkili, tənzimlənməsi və həyata keçirilməsi, məhəllələrin iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, habelə məsləhətçilərin cəlb edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etməli olacaq İqtisadiyyat və Sənaye Nazirliyi dövlət başçısının fərmanına əsasən artıq “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin layihəsini hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib.

Hazırda tikilən yeni müəssisələrə metanol zavodu, yeni sement zavodları, gəmiqayırma zavodu, karbamid zavodu, vaqonqayırma zavodu, Gəncə alüminium zavodu və Sumqayıt Texnologiyalar Parkı bazasında mis əritmə müəssisəsi, Sumqayıtda tekstil müəssisəsi daxildir.

Bundan başqa, Prezidentin sərəncamı ilə regionlarda 12 sənaye məhəlləsi yaradıldı. Onlar bütün müvafiq infrastrukturla təmin ediləcək.

Bir sözlə, 2014-cü ildə Azərbaycanda sənayenin inkişafı tamamilə yeni bir mərhələyə qədəm qoydu.

Köhnə avtomobillərə qadağa

2014-cü il həm də köhnə avtomobillərə tətbiq olunan qadağa ilə yadda qalacaq. Çünki bu il aprelin 1-dən Azərbaycanda avtonəqliyyat vasitələri Avro-4 standartına keçdi. Bu o deməkdir ki, Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin böyük hissəsini təşkil edən köhnə avtomobillərin ölkəyə gətirilməsi məhdudlaşdırıldı.

Nəticədə il ərzində Azərbaycana gətirilən avtomobillərin sayı kəskin azaldı.

“Əsrin müqaviləsi”nin 20 ili tamam oldu

2014-cü ildə “Əsrin müqaviləsi”nin 20 yaşı tamam oldu. Məlum olduğu kimi, bu müqavilə Cənubi Qafqazın və Avropanın siyasi xəritəsini dəyişdirərək Azərbaycan neftinin dünyaya çıxarılmasında mühüm rol oynayıb.

Bu ilin sentyabrında Azərbaycanda daha bir beynəlxalq əhəmiyyətli enerji layihəsinin əsası qoyuldu. “Cənub” qaz dəhlizinin tikintisinə start verildi. Məlumat üçün bildirək ki, 2012-ci ildə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində Trans-Anadolu kəmərinin tikintisi ilə bağlı razılıq əldə edilib. Məhz TANAP layihəsinin razılaşdırılmasından sonra artıq “Cənub” qaz dəhlizinin konturları görünməyə başlayıb.

Analitiklərin proqnozlarına görə, bu layihə Azərbaycana əlavə dividendlər gətirəcək. Ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf edəcək. Eyni zamanda, sözügedən layihə tərəfdaş ölkələr üçün də faydalı sayılır.

Avtomobil növbəsində olan əlillərin üzü güldü

2014-cü il müharibə əlilləri üçün də düşərli sayıla bilər. Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü ilədək növbəyə dayanmış 1435 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsin minik avtomobilləri ilə təminatını başa çatdırdı. Dekabrın 24-dən isə nazirlik artıq 2014-cü ildə növbəyə dayanmış müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobilləri ilə təminatına başladı.

Bu təbəqədən olan 67 nəfərə, habelə 2014-cü ilədək növbəyə dayansa da, obyektiv səbəblərdən avtomobili qəbul edə bilməmiş 10 nəfərə “Naz-Lifan” markalı minik avtomobilləri təqdim edildi.

Azərbaycan yeni peyk təhvil aldı

2013-cü ildə dünyanın azsaylı kosmik sənaye dövlətləri ailəsinə qoşulan Azərbaycanın bu istiqamətdə uğurları 2014-cü ildə də davam etdi.

Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində bu ilin iyun ayında Yer səthinin məsafədən müşahidə peyki orbitə çıxarıldı. Bu ilin dekabr ayında isə yeni adı “Azersky” olan peyk Azərbaycanın milli peyk operatoru “Azərkosmos” ASC və Fransanın “AirbusDefence and Space” şirkəti arasında imzalanmış müqaviləyə əsasən “Azərkosmos” ASC-yə təhvil verildi.

Qeyd edək ki, bu peyk toplusu Yer səthinin məsafədən müşahidəsi üçün istifadə olunan tətbiqlərə geniş imkanlar yaradır və ən yeni peyk görüntülərini indiyə qədər mümkün olmayan cəldliklə əldə etmək imkanı verir.

“Azersky” və “SPOT 6" peyk toplusu bir gün ərzində 6 milyon kv.km ərazinin şəklini çəkə bilir ki, bu da Fransanın ərazisindən 10 dəfə böyükdür. Bu o deməkdir ki, Yer kürəsinin hər bir nöqtəsi hər gün ”Azersky" və “SPOT 6" peykləri tərəfindən yüksək ayırdetmədə müşahidə oluna bilər.

Rusiyanın “qara ili”

İlin sonunda diqqətçəkən daha bir hadisə Rusiya ilə bağlı oldu. Qərbin kapital bazarlarından, texnologiyalarından məhrum ediləndən sonra problemlər yaşayan ölkədə milli valyutanın məzənnəsi sürətlə enməyə başladı. Məlum oldu ki, Rusiya bankları bir il ərzində kreditorlara 120 milyard qaytarmaldır. Digər tərəfdən, son 5 ildə dövlət məqsədli proqramlarına 5 trilyon rubl xərclənib. Amma iqtisadiyyat onlardan fayda görməyib.

Hazırda Rusiya hökuməti vəziyyəti düzəltmək üçün bir çox vasitələrə əl atır. Rublla neftin qiyməti arasında balans yaratmaq üçün Mərkəzi Bank təkrar maliyyələşmə dərəcəsini 8 faizdən 9,5 faizə artırdı. Nəticə isə hələ də ürəkaçan deyil.

“Qara qızıl”ın qiyməti

Bu ilin ikinci yarısından başlayaraq dünya bazarlarında neftin sürətlə ucuzlaşması ciddi rezonans doğurdu. 2014-cü ildə Çinin iqtisadi artımında da azalmalarla müşahidə olundu.


Neft amili Azərbaycan iqtisadiyyatı üçün vacib hesab olunur. Belə ki, dövlət büdcəsinin əsas hissəsi neft gəlirləri hesabına formalaşır. Lakin neftin dünya bazar qiyməti ilə bağlı proqnozlar nikbin deyil. Məlumatlara görə, “qara qızıl”ın qiymətinin düşməsi bir müddət davam edəcək. Hətta beynəlxalq mütəxəssislər neftin 40-50 dollara kimi ucuzlaşacağını da proqnozlaşdırırlar.

Hesablamalar göstərir ki, neftin qiymətinin 110 dollardan 84 dollaradək ucuzlaşmasından Azərbaycan gündə 10 milyon dollar, ayda 300 milyon dollar, ildə 3,6 milyard dollar vəsait itirir. Digər hesablamalara görə, Azərbaycan neftinin hər barelinin qiymətinin 1 dollar ucuzlaşması il ərzində 138 milyon dollar vəsaitin itirilməsi deməkdir. Bunun təsirləri isə ilk növbədə özünü Neft Fonduna gələn mənfəət neftinin dəyərində göstərir.

Düzdür, Azərbaycanda bunu nə Dövlət Neft Fondu, nə də əhali öz üzərində hiss etmir. Çünki 2014-cu ilin 9 ayının yekunlarına görə, Neft Fonduna mənfəət neftinin və qazın satışından 9 947,8 milyon manat vəsait daxil olmuşdusa, ötən ilin yanvar-sentyabrında bu rəqəm 9 766,8 milyon manat olub.

Bu isə ondan irəli gəlib ki, iyun ayında Azərbaycan neftinin orta ixrac qiyməti çox yüksək olub, təxminən 115 dollar. Belə vəziyyət Neft Fonduna gələn gəlirlərin artım səviyyəsinə təsir edib. Amma sentyabr ayından etibarən gəlirlər azalmağa başlayıb.

Hazırda neftin qiyməti ilə bağlı qeyri-müəyyənlik davam edir. Bununla belə, rəsmilər iqtisadi dayanıqlığın qorunub saxlanacağını deyir, buna siyasi iradənin və iqtisadi gücün kifayət etdiyini bildirirlər.


Müəllif:

Oxşar xəbərlər