2023-cü ilin mart ayında Çində transsərhəd əməliyyatlarda ən çox istifadə edilən valyuta kimi yuan ilk dəfə ABŞ dollarını ötüb.
Teleqraf.com xəbər verir ki, bunu Çin Dövlət Valyuta İdarəsi açıqlayıb.
Məlumata görə, yuanla transsərhəd ödənişlər və yığımlar 2023-cü ilin mart ayında əvvəlki aya nisbətən 434,5 milyard dollardan 549,9 milyard dollara yüksəlib.
Hesablamalara görə, bütün transsərhəd əməliyyatların 48,4 faizində yuandan istifadə edilib, dolların payı isə bir ay əvvəlki 48,6 faizdən 46,7 faizə düşüb.
Çin öz valyutasının istifadəsini qloballaşdırmaq planlarının bir hissəsi kimi xeyli müddətdir ki, transsərhəd əməliyyatlarda yuanın istifadəsini təşviq edir.
Nəhayət, yuan qlobal ticarətin maliyyələşdirilməsində istifadə baxımından aşağı səviyyədə qalsa da, Çinin bu istiqamətdə səyləri nəticəsində davamlı olaraq artır.