Rusiyanın Davosu sayılan 26-cı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) iyunun 14-17 tarixlərində keçiriləcək.
Teleqraf.com xəbər verir ki, forumdan əvvəl türk iş dünyasının nümayəndələri ilə görüşən SPIEF-in baş direktoru Aleksey Valkov türklərə çağırış edib.
O bəyan edib ki, Türkiyə ilə münasibətlərin inkişafı Rusiyanın xarici siyasətinin prioritet və ən mühüm istiqamətlərindən biridir: “Qərb şirkətlərinin Rusiyadan çıxması ilə türk müəssisələri Rusiya bazarındakı boşluqları doldura bildi. İstehsaldan texnologiyaya, ticarətdən infrastruktura qədər bütün sahələrdə fürsətlər var.
Son 1 ildə 33 türk firması Rusiyaya gəlib. Bu il türk şirkətlərini foruma təkcə iştirakçı kimi deyil, həm də strateji tərəfdaş kimi dəvət edirik. İndi Rusiyaya gəlməyin tam zamanıdır”.
Aleksey Valkov 2022-ci ildə SPİEF çərçivəsində təxminən 75 milyard dollarlıq müqavilə imzalandığına diqqət çəkib: “SPİEF Rusiyada inkişaf etmək istəyən bizneslərin böyüməsi üçün effektiv addımdır. İstanbul ruslar üçün bir mərkəzə çevrilib. İndi potensial iş ortaqları ilə şəbəkələşmə, qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək və davamlı əlaqələr qurmaq zamanıdır. SPIEF bir-birinizi tanımağınız və sonra sərfəli sövdələşmələr qurmağınız üçün lazımi şəraitin yaradılmasında böyük təcrübəsi ilə sizi gözləyir”.
Qeyd edək ki, keçən il Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna (SPIEF) 130 ölkədən 16 min iştirakçı qatılıb.