Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar ərzaq böhranı riskini aradan qaldırmaq üçün yaradılan “taxıl dəhlizi” vasitəsilə daşınan məhsulun həcmi açıqlanıb.
Teleqraf.com Türkiyənin nəqliyyat və infrastruktur nazirliyinə istinadən xəbər verir ki, 2022-ci il avqustun 1-dən 2023-cü il iyunun 20-dək 32 milyon 58 min 685 ton taxıl daşınıb.
Nazir Abdulkadir Uraloğlu bildirib ki, taxıl dəhlizində ən çox yük olan ölkələr Çin, İspaniya, Türkiyə və İtaliyadır.
O qeyd edib ki, siyahıda ümumilikdə 44 ölkə yer alıb: “Ən çox yük 7 milyon 662 min 808 tonla Çinə daşınıb. Türkiyə limanlarına gələn yükün miqdarı isə 3 milyon 659 min ton olub.
Afrika qitəsinə 3 milyon 978 min 853 ton məhsul daşınıb. Qitənin payı hazırda 12 faiz civarındadır. Son 6 ayda bu rəqəm 6 faiz olub. Beləliklə, “taxıl dəhlizi” ilə Afrika ölkələrinə göndərilən taxılın miqdarı iki dəfə artıb".