20 Sentyabr 2023 15:14
1 312
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərəri mənfəətindən çox olan, büdcənin yükünə çevrilmiş dövlət şirkətlərinin sayı artır. Dövlət büdcəsindən ayırmalar hesabına fəaliyyət göstərən səmərəsiz dövlət şirkətlərinin özəlləşdirməsi istiqamətində isə hələlik ciddi dönüş yoxdur.

Öhdəliyini yerinə yetirə bilməyən “Azəristiliktəchizat” ASC-nin yığılmış zərəri ötən il 108,4 milyon manata çatıb. Şirkətin konsolidasiya edilmiş maliyyə hesabatına əsasən, bu, 2021-ci ilə nisbətən 8,3 faiz və ya 8,3 milyon manat çoxdur. 2021-ci ildə “Azəristiliktəchizat”ın yığılmış zərəri 100,13 milyon təşkil edib.

“Azəristiliktəchizat” mənfəət və zərər hesabatını dərc etməsə də, yığılmış zərərin artım həcmi onu deməyə əsas verir ki, dövlət şirkəti ötən ili eyni həcmdə, yəni 8,3 milyon manat xalis zərərlə başa vurub. Bu isə şirkətin cəmi kapitalını 91,9 milyon manatdan 83,9 milyon manata qədər azaldıb.

2021-ci illə müqayisədə 2022-ci ildə “Azəristiliktəchizat”ın cəmi aktivləri isə 2 faiz artaraq 151,9 milyon manata yüksəlib. 2021-ci ilin sonunda bu rəqəm 148,8 milyon manata bərabər olub.

Hesabat dövründə, ASC-nin debitor borcları isə 20,4 faiz və ya 1,75 milyon manat artaraq 10,6 milyon manata yüksəlib.

2020-ci ilin avqustunda yaradılan Azərbaycan İnvestisiya Holdinqinin (AİH) noyabrın 5-də Prezident İlham Əliyevin imzaladığı fərmanla idarəetməsinə verilən dövlət şirkətlərinin və müəssisələrinin siyahısı təsdiqlənib.

“Azəristiliktəchizat” ölkədə dövlət şirkətlərində idarəetmə sisteminin təkmilləşdirilməsi və iqtisadi səmərəliliyinin daha da artırılması məqsədi ilə yaradılmış İnvestisiya Holdinqinin tərkibinə verildi. Maliyyə hesabatlarından belə nəticəyə gəlmək olur ki, bu dövlət şirkətinin sözügedən Holdinqinin tərkibinə verilməsi idarəetmə sistemindəki axsaqlığı aradan qaldırmayıb.

İqtisadçı Natiq Cəfərli Teleqraf.com-a bildirib ki, dövlət şirkətlərinin İnvestisiya Holdinqinə daxil edilməsinin səbəbi effektiv idarəetmənin təmin edilməsi, həmin şirkətləri büdcəyə yük olmaqdan çıxarmaqdan və onları özəlləşdirməyə hazırlamaqdan ibarət idi.

İqtisadçı Holdinqin fəaliyyətini səmərəsiz hesab edir: “Bunun ciddi effekt vermədiyini düşünürəm. Şirkətlər İnvestisiya Holdinqinə daxil olmamışdan necə idarə olunurdusa, zərərlə işləyəndə hansı çətinlikləri var idisə, demək olar ki, indi də həmin problemləri qalır. Ona görə də söhbət Holdinqin tərkibində olmasında yox, həmin şirkətlərinin idarəetməsinin effektivliyinin artırılmasından gedə bilərdi. Hələlik təəssüf ki, bununla bağlı ciddi irəliləyiş, dəyişiklik görmədik”.

Natiq Cəfərli dövlət şirkətlərinin özəlləşdirməsi istiqamətində addımın atılmadığın deyir: “Dövlət büdcəsi üzərində yük olan elə şirkətlər var ki, onların mülkiyyətinin dövlətdə qalması şərtilə uzunmüddətli özəl sektora icarəyə verilməsi mümkün idi. Təəssüf ki, bu yöndə heç bir addım atılmır. “Azəristiliktəchizat”, o cümlədən digər şirkətlər də bundan istifadə edir.

Dövlət şirkətlərinin xərc hissəsinə nəzarət zəif olduğu üçün onların hamısı zərərlə işləyir. Bu zərər satışdan və yaxud onların gəlirlərindən asılı məsələ deyil. Hansısa bir şirkətin fəaliyyət balansını çıxararkən gəlir və xərcləri hesablanır. Xərclər çox olanda zərərlə işləyir. Həmin şirkətlərin böyük əksəriyyəti xərcləri şişirdirlər. Yəni orada təmir, yaxud da hansısa avadanlığın alınması və sair kimi xərclər bazar dəyərindən yüksək hesablanır, nəticə etibarilə gəlir itirir və zərərlə işləməyə başlayır.

Bu şirkətlərin də əsas problemi xərc hissəsidir. Xərcə, tenderə, satınalmalara, xərclərin optimallaşdırılmasına nəzarət gücləndirlmədikcə, o şirkətlərin zərərlə işləmə praktikasına son qoyulmayacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər