“Hazırda dünyada 100 milyondan çox partlamamış mina var və ötən il onlardan yalnız 200 mini zərərsizləşdirilib”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, il ərzində dünyada basdırılan minaların cəmi 0.002 faizi təmizlənə bilir: “Bu o deməkdir ki, dimayninq (minaların təmizlənməsi) prosesi qlobal xarakter daşıyır və uzun müddət dünyanın əsas problemləri sırasında olacaq. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi təşəbbüsü qlobal aktuallıq kəsb edir. Bu istiqamətdə də beynəlxalq səylərin sistemləşdirilməsi olduqca vacibdir. Hazırda Azərbaycanda minalarla ən çox çirklənmiş ölkələrdən hesab olunur. Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan ərazisində 1.5 milyona yaxın mina basdırılıb və onların tam təmizlənməsi bir neçə dekada tələb edə bilər”.
Vüqar Bayramovun sözlərinə görə, Ermənistan tərəfindən minalarla çirklənmə Azərbaycan üçün xüsusi iqtisadi xərc yaradır: “Bir tərəfdən minalardan təmizlənmə hər il büdcədən vəsait tələb edir, digər tərəfdən isə minalar ərazilərimizin iqtisadi dövriyyəyə tam qaytarılmasına əngəl olur. İşğaldan azad oluna ərazilərin ÜDM-in 8 faizinin formalaşdırmaq potensialını nəzərə alsaq Qarabağda minaların təmizlənməməsi Azərbaycan iqtisadiyyatı üçün 10 milyard manat itki deməkdir”.
İqtisadçı minatəmizləyənlərə bir sıra üstünlüklərin verilməsinə diqqət çəkib: “Minatəmizləyənlər həyatı baxımdan məsuliyyətli və şərəfli fəaliyyət həyata keçirirlər. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işinin gücləndirilməsi fonunda minatəmizləyənlərə də xüsusi güzəştlərdən istifadə hüququnun verilməsi məqsədəuyğun olardı.
Əvvəla, mənzil təminatının yaxşılaşdırılması üçün minatəmizləyənlərə də sosial ipotekadan istifadə hüququnun verilməsi məqsədəuyğundur. Belə ki, güzəştli ipotekadan istifadə etmək hüququ minatəmizləyənlərin aşağı faizli kreditlərlə ev almasına imkan yarada bilər.
İkincisi, Əmək pensiyaları haqqında Qanununun 9-cu maddəsinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən minatəmizləyənlərə də güzəştli, yəni daha tez pensiyaya çıxmaq hüququnun verilə bilər. İş şəraitini və risk dərəcəsini nəzərə aldıqda minatəmizləyənlərə daha tez pensiya yaş hüququnun verilməsi məqsədəuyğun olardı.
Üçüncüsü, ANAMA-nın uzun müddət çalışan əməkdaşlarının pensiya kapitalı məbləğinə yenidən baxılması və 22 faizlik sosial sığorta güzəştinin nəzərə alınaraq vəsaitin hesablanmasına ehtiyac var. Belə ki, uzun müddət həmin işçilər üçün 22 faizlik sosial sığorta güzəştinin tətbiq olunması səbəbindən onların pensiya kapitalı məbləği yüksək olmayıb.
Dördüncüsü, maliyyə imkanları artdıqca ANAMA əməkdaşlarının əmək haqqlarında artırmların davam etdirilməsi vacibdir. Bu, minatəmizləyənlərin sosial müdafiəsinin daha da gücləndirilməsi baxımdan əhəmiyyətlidir”.