“Trans-Adriatik” (TAP) boru kəməri layihəsi çərçivəsində Albaniyada giriş-çıxış yollarının, körpülərin tikintisini və bərpasını həyata keçirəcək podratçı şirkətlər məlum olub.
Bu barədə məlumat TAP-ın rəsmi saytında yer alıb. Məlumatda bildirilir ki, qeyd edilən tikinti işlərini “Gener 2 Sh.p.K” və “Sicilsaldo S.p.A.” şirkətlərindən ibarət birgə müəssisə reallaşdıracaq. Albaniyada giriş yolları və körpülər ikintisinə 2016-ci ildən başlanılacaq TAP boru kəmərinə hazırlıq üçün həlledici mərhələ kimi qiymətləndirilir. Bu mərhələdə boru kəmərinin marşrutu boyunca 100 kilometrdən artıq yolun tikintisi və bərpası, eyni zamanda iki yeni körpünün inşası və mövcud 50 körpünün bərpası nəzərdə tutulub. İşlərə bu ilin ikinci rübündə başlanılması planlaşdırılır.
Qeyd edək ki, uzunluğu təxminən 870 kilometr olan Trans-Adriatik boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Azərbaycan qazı TAP vasitəsilə Avropaya 2019-cu ilin sonunda nəql olunacaq.
TAP-ın səhmdarları bp (20 faiz), SOCAR (20 faiz), Statoil (20 faiz), Fluksiz (19 faiz), Enagas (16 faiz) və Axpo (5 faiz) şirkətləridir.