Ölkəmizdə arıçılığın daha da inkişaf etdirilməsi məqsədi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən “Azərbaycanda arıçılıq sahəsində məhsuldarlığın artırılması vasitəsilə kənd əhalisinin yaşayışının yaxşılaşdırılması” layihəsinin həyata keçirilməsinə başlanılıb.
Layihənin başlanğıc seminarı 15 may 2015-ci il tarixdə Park Inn Oteldə, saat 0930-da keçiriləcək. Seminarda layihənin həyata keçirilməsi və nəticələri, arıçılıqda seleksiya-damazlıq işlərinin yaxşılaşdırılması, arıçılığın inkişafı ilə bağlı Türkiyə və dünya təcrübəsi mövzusunda məsələlər müzakirə olunacaq.
Seminarda Kənd Təsərrüfatı Nazirliyinin məsul işçiləri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş texniki eksperti Rainer Krell, layihənin beynəlxalq məsləhətçisi Əhməd İnci, TİKA-nın Proqram koordinatoru Mustafa Polat, arıçılıq üzrə alim və mütəxəssislər, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək.