qtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfərdə olub.
Teleqraf.com-un məlumatına görə, nümayəndə heyətinə İqtisadiyyat və Sənaye, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, SOCAR-ın, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Azərenerji” ASC-nin, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin, Mərkəzi Bankın yüksək vəzifəli nümayəndələri və iş adamları daxil idi.
İranın rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin dəvəti əsasında həyata keçirilmiş səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani tərəfindən qəbul edilmiş, bir sıra görüşlər keçirilib.
İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani Azərbaycan nümayəndə heyətini qəbul edərək ölkələrimiz arasında tarixi dostluq münasibətlərini vurğulayıb, siyasi, iqtisadi və mədəni əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini, İranın Azərbaycanla əlaqələrin genişləndirilməsinə önəm verdiyini qeyd edib. Azərbaycan və İran arasında əlaqələrin daha da inkişafı üçün geniş potensialın olduğunu bildirən Həsən Ruhani nəqliyyat, enerji, investisiya qoyuluşu sahəsində əməkdaşlığın daha da genişlənməsinə dair fikirlərini bölüşüb.
Şahin Mustafayev danışıqlar yolu ilə nüvə proqramına dair əldə edilmiş razılaşmanı alqışladığını vurğulayıb: “Bu razılaşmanın beynəlxalq və regional səviyyədə sülh, təhlükəsizlik və əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verəcəyinə inanırıq”.
Azərbaycan və İran prezidentlərinin 2014-cü ildə həyata keçirdikləri qarşılıqlı rəsmi səfərlərin ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsində mühüm rol oynadığını vurğulayan Şahin Mustafayev neft, kimya, ticarət, sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı, bankçılıq və digər sahələrdə əməkdaşlığın daha da inkişafı üçün imkanları qeyd edib.
İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi ilə keçirilmiş görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan və İran dövlət başçılarının böyük rolunu qeyd edib, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əlaqələrin genişlənməsində əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycan İranla həm sanksiyalar dövründə əməkdaşlıq edib və sanksiyalar aradan qalxdıqdan sonra da əməkdaşlıq edəcək.
Azərbaycan və İran arasında neft-qaz, energetika, nəqliyyat, təhsil, səhiyyə sahəsində və özəl qurumlar arasında əlaqələrin mövcud olduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev bu əməkdaşlığın ildən-ilə genişləndiyini, bunun üçün böyük potensialın olduğunu qeyd edib.
Görüşdə həmçinin, Dövlət Komissiyasının ötən ilin avqustunda Bakıda keçirilmiş 9-cu iclasında əldə edilmiş razılığa uyğun olaraq, görülən işlərin gedişi barədə fikir mübadiləsi aparılmış, bir sıra sahələrdə irəliləyişlərə nail olunduğu bildirilib, Komissiyanın növbəti iclasına dair müzakirələr aparılıb.
Görüşdən sonra Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri - iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi birgə mətbuat konfransı keçirmiş, KİV nümayəndələrinin suallarını cavablandırıblar.
İranın neft naziri Bijan Namdar Zəngənə ilə keçirilmiş görüşdə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə reallaşan dünya əhəmiyyətli iri neft-qaz layihələri barədə geniş məlumat verib, bu sahədə əməkdaşlıq məsələləri müzakirə edilib. Görüşdə neft-qaz sahəsində fəaliyyət göstərən Azərbaycan və İran şirkətlərinin ölkəmizdə və İranda işləməyə maraq göstərdiyi qeyd edilmiş, təbii qaz mübadiləsi və yeraltı qaz anbarlarından istifadə imkanları, neft-qaz maşınqayırması və neft-qaz avadanlığının birgə istehsalı sahələrində əməkdaşlıq və s. məsələlərə dair fikir mübadiləsi aparılıb. Nazir Şahin Mustafayev bildirib ki, İran neft və qazını Avropa bazarlarına ixrac etmək üçün Azərbaycanın infrastrukturundan istifadə edə bilər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İranın iqtisadi məsələlər və maliyyə naziri Əli Teyyibniya ilə də görüşüb. Görüşdə iqtisadi-ticarət, maliyyə, bankçılıq, sığorta, investisiya qoyuluşu sahələrində əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilmiş, qarşılıqlı investisiya qoyuluşunun həyata keçirilməsinə dair İşçi Qrupunun yaradılması qərara alınıb.
İranın nəqliyyat və şəhərsalma naziri Abbas Əhməd Axondi ilə keçirilmiş görüşdə nazir Şahin Mustafayev ölkəmizdə beynəlxalq səviyyəli nəqliyyat infrastrukturunun yaradılması sahəsində əldə edilmiş uğurlardan danışıb, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin imkanları barədə məlumat verib. Görüşdə Şimal-Cənub dəmiryolu layihəsinin hər iki ölkə üçün əhəmiyyəti vurğulanıb, bu sahədə müvafiq İşçi Qrupunun yaradılması barədə razılıq əldə edilib.
Naibə QURBANOVA