Azərbaycanın “Silk Way West” aviadaşıyıcı şirkəti hava gəmiləri parkına bazar ertəsi Bakıya gələn yeni Boeing 747-8 Freighter təyyarəsini əlavə edib.
Bu barədə Teleqraf.com-a şirkətin mətbuat xidmətindən məlumat verilib. Bununla da, “Silk Way West”in balansındakı Boeing 747-8 Freighter təyyarələrinin sayı üçə çatıb. 747-8 Freighter ilə yanaşı, aviaşirkət 3 Boeing 747-400 Freighter təyyarəsini də istismar edir. Boeing korporasiyası ilə müqaviləyə əsasən, “Silk Way West” daha iki Boeing 747-8 Freighter alacaq. Təyyarələrin 2016-ci ilin birinci yarısında Azərbaycana gətirilməsi gözlənilir. “Silk Way West” yeni Boeing 747-8 Freighter təyyarələrini almaqla, yük aviadaşımaları sahəsində biznesini əhəmiyyətli dərəcədə genişləndirmək istəyir. Yeni Boeing 747-8 Freighter təyyarəsi Sinqapur və Komatsuya (Yaponiya) uçuşlar həyata keçirəcək.
Analoji modellər ilə müqayisədə 747-8 Freighter-in rəqibləri yoxdur - o, yük aviadaşıyıcıları üçün ən aşağı istismar xərcləri, böyük yük təyyarələri sinfində maksimum səmərəlilik, həmçinin təkmilləşdirilmiş ekoloji göstəriciləri təmin edir.
“Silk Way West” regionda ən iri yük daşımaları həyata keçirən aviadaşıyıcıdır. Aviaşirkət bütün dünyaya, o cümlədən Avropa, Yaxın Şərq və Şərqi Asiyaya çarter və müntəzəm reyslər həyata keçirir. Ötən il “Silk Way West” Airlines Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən ABŞ-a uçuşlar üçün icazə alıb.
Naibə QURBANOVA