Namiq Xəlilov: “Sığorta sahəsində çalışmaq istəyənlər üçün sertifikasiya proqramı hazırlanıb”
Sığorta sahəsində yeganə ixtisaslaşmış sertifikasiya proqramı olan “Peşəkar Sığortaçı Sertifikasiyası” (PSS) Proqramının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəisi Namiq Xəlilov, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov və Azərbaycan Risk Peşəkarları Assosiasiyasının (ARPA) Direktorlar Şurasının sədri Rüfət Mahmudov, həmçinin yerli sığorta şirkətlərinin rəhbər şəxsləri və KİV nümayəndələri iştirak edib.
DSNX-nin rəisi Namiq Xəlilov yerli sığorta bazarına peşəkar kadrların cəlb olunmasının aktuallığından söz açıb. Onun sözlərinə görə, məhz bu səbəbdən yerli sığortaçıların təşəbbüsü, Maliyyə Nazirliyinin maliyyə dəstəyi, ASA və ARPA-nın təşkilati dəstəyi ilə “Sığorta: prinsiplər və təcrübə” adlı ayrıca dərslik, eləcə də sığorta sahəsində çalışmaq istəyənlər üçün sertifikasiya proqramı hazırlanıb.
Namiq Xəlilov deyib ki, hazırda ölkədə sığorta sahəsində peşəkar kadrlar çatışmır: “Bu sahədə böyük boşluqlar var. Ona görə də biz qərara gəldik ki, sığortaçılar özü bu kadrları yetişdirsinlər. Bunun üçün qərara alındı ki, sığorta sahəsində yeganə ixtisaslaşmış sertifikasiya proqramı olan PSS Proqramını tətbiq edək. Ola bilər ki, gələcəkdə sığorta əməkdaşlarından sığorta nəzarəti xidmətində keçirilən test əvəzinə, bu sertifikat tələb olunsun. Bu sertifikat bilik səviyyəsini təsdiq edən sənəd olacaq. Gələcəkdə sığorta şirkətləri işə qəbul edərkən bu sertifikata malik insanlara üstünlük verəcək".
Namiq Xəlilov bildirib ki, Azərbaycanın sığorta şirkətlərinin rəhbər vəzifəli şəxsləri, imtahandan əlavə sertifikasiya proqramından da keçməli olacaqlar.
Daha sonra ARPA-nın Direktorlar Şurasının sədri Rüfət Mahmudov “PSS” Proqramı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O bildirib ki, proqram hazırlanarkən 4 xüsusiyyət əsas götürülüb. Bunlar şəffaflıq və obyektivliyə ciddi şəkildə riayət edilməsi, imtahan prosesinin avtomatlaşdırılaraq insan faktorunun maksimum dərəcədə azaldılması, imtahanlarda iştirak üçün məhdudiyyətsiz (yaş, ixtisas və s.) imkanların yaradılması və nəhayət imtahan nəticələrinin qısa zaman ərzində açıqlanmasıdır.
Rüfət Mahmudovun sözlərinə görə, sertifikasiya proqramının nəticələri Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən də qəbul ediləcək və sığorta şirkətlərinin işə qəbul üçün gördüyü işlərin həcmini əhəmiyyətli dərəcədə azaldacaq. Bu proqram əsasında imtahan verməyi bacaranlar həmçinin ARPA-nın üzvü ola biləcəklər.
Sonda ASA sədri Orxan Bayramov Proqramın hazırlanması prosesindən söz açıb. O, bildirib ki, bu proqramın hazırlanmasına 1 il vaxt sərf edilib. Orxan Bayramovun sözlərinə görə, “PSS” Proqramı çərçivəsində dərslər ASA-nın Təlim Mərkəzində aparılacaq. Sertifikatlaşdırma isə Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən həyata keçiriləcəkdir. Dərs vəsaiti kimi istifadə olunacaq Devid Blandın “Sığorta: prinsiplər və təcrübə” kitabı isə dünyada sığorta sahəsi üzrə ixtisaslaşmış Böyük Britaniyanın “Chartered Insurance Institute”-un (CII) lisenziyası əsasında Azərbaycan dilinə tərcümə olunub.
Təqdimat mərasimində ARPA-nın rəhbəri Rüfət Mahmudov bildirib ki, sığorta agentlərindən başqa, sığorta şirkətlərinin işçiləri, sığorta sahəsi ilə maraqlanan istənilən şəxs və tələbələr sertifikasiyadan keçə bilərlər. “Peşəkar Sığortaçı Sertifikasiyası” Dövlət Sığorta Nəzarəti Xidmətinin tanıdığı yeganə sertifikasiyadır. Gələcəkdə işə müraciət edənin CV-sində bu sertifikatının olmasını göstərməsi, həmin şəxsin işə qəbul olunmasını asanlaşdıracaqdır.
Sertifikatı almaq üçün 3 imtahandan keçmək tələb olunur. İmtahanı uğurla keçənlər PSS sertifikatnı ala biləcəklər. İlk imtahan Dekabrda keçiriləcəkdir. Namizədlər ASA-nın təlim mərkəzində və ya özü müstəqil hazırlaşa bilər.
Sertifikasiya imtahanında iştirak etməyin qiyməti 40 manatdır.
Naibə QURBANOVA