Azərbaycanda icbari sığorta müqaviləsinin bağlanmaması ilə bağlı cərimələr artırıla bilər.
Cərimələrin artırılması İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsində nəzərdə tutulub.
İcbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 30 manat məbləğində, vəzifəli şəxslər 80 manat məbləğində, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Hazırda isə bu cərimələr müvafiq olaraq 10 manat, 60-80 manat və 150-200 manatdır.
Digər dəyişiklik isə icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarından məcburi ayırmaların aparılmaması ilə bağlı cərimələrin artırılmasını nəzərdə tutur. Dəyişikliyə əsasən, bu cərimələr vəzifəli şəxslər üçün 1 min manat, hüquqi şəxslər üçün 3 min manat məbləğində olacaq. Qeyd edək ki, hazırda sığortaçılar tərəfindən icbari sığorta növləri üzrə qanunvericilikdə müəyyən edilmiş qaydada sığorta haqlarından müvafiq ayırmaların aparılmamasına görə vəzifəli şəxslər 60-80 manat, hüquqi şəxslər 150-200 manat miqdarında cərimə edilir.
Digər dəyişiklik isə sığorta növünün qanunsuz aparılması ilə bağlı cərimələrin kəskin artırılmasını əhatə edir. Dəyişikliyə əsasən, sığortaçı tərəfindən hər hansı sığorta növünün sığorta nəzarəti orqanından müvafiq icazə almadan aparılmasına görə vəzifəli şəxslər 0,5-1 min manat, hüquqi şəxslər 10-12 min manatadək cərimə edilməsi nəzərdə tutulub. Hazırda isə bu cərimələr müvafiq olaraq 40-50 manat və 120-160 manatdır.