Cənub Qaz Dəhlizi (SGC) ölkələrinin energetika nazirlərinin Məşvərət Şurasının ikinci toplantısının fevralın 29-da Bakıda keçirilməsi planlaşdırılır. Bununla bağlı artıq müxtəlif ölkələri və qurumları təmsil edən şəxslərə rəsmi dəvət məktubları göndərilib.
Dəvət məktubu göndərilənlər hökumət rəsmiləri arasında Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, Türkiyənin enerji və təbii qaynaqlar naziri Berat Albayrak, Yunanıstanın ekologiya və energetika naziri Panos Skourletis, Albaniyanın enerji və sənaye naziri Damian Qyiknuri (Damian Gjiknuri), Bolqarıstanın enerji naziri Temenuzka Petkova, İtaliyanın sənaye nazirinin müavini Klaudio de Vinsenti (Claudio De Vincenti), İtaliyanın iqtisadi inkişaf naziri Federiko Quidi (Federico Guidi), Böyük Britaniya baş nazirinin Azərbaycan, Türkmənistan və Qazaxılstan üzrə ticarət elçisi Lord Astor of Hever DL, Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç, ABŞ-ın enerji məsələləri üzrə xüsusi nümayəndəsi Eymas Hoksteyn (Amos Hochstein), Serbiyanın enerji və mədən naziri Aleksandr Antik, Xorvatiyanın iqtisadiyyat naziri İvan Vrdoljakın adı var.
Məlumata görə, dəvətlilər sırasında Avropa Komissiyasının Enerji İttifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç (Maroš Šefčovič), Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Sir Suma Çakrabarti, EBRD-nin enerji məsələləri üzrə icraçı direktoru Rikardo Puliti (Riccardo Puliti), Dünya Bankı qrupunun prezidenti Cim Yonq Kim (Jim Yong Kim), Dünya Bankı qrupunun Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Kiril Müller (Cyril Muller), Asiya İnkişaf Bankının (ADB) prezidenti Takehiko Nakao, ADB-nin özəl sektordakı əməliyyatlar üzrə baş direktoru Tod Frilənd (Todd Freeland), Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) icraçı vitse-prezidenti vəzifəsinin icra edən və baş icraçı direktor (CEO) Etiopis Tafara (Ethiopis Tafara), Avropa İnvestisiya Bankının prezidenti (EIB) Verner Oyer (Werner Hoyer), EIB-in Cənubi Qafqaz üzrə vitse-prezidenti Lasio Baranyay, Trans-Anadolu Boru Kəmərinin (TANAP) baş direktoru Hüseyin Saltuk Düzyol, Trans-Adriatik Boru Kəmərinin (TAP) baş icraçı direktoru Yan Bredşounun (Ian Bradshow) da adı yer alıb.
Qeyd edək ki, SGC ölkələrinin energetika nazirlərinin Məşvərət Şurasının birinci görüşü 2015-ci il fevralın 12-də Bakıda keçirilib və həmin iclasda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.//report.az