“Avtovağzal” və “Memar Əcəmi” metrostansiyasının istismara verilməsindən sonra Bakı Metropoliteni Bənövşəyi xətt üzrə stansiyalarının sayını artırmaqda davam edəcək. Başlanğıcını Bakı Beynəlxalq Avtovağzalından (gələcəkdə Xocahəsən qəsəbəsinədək uzanacaq) götürən xətt bütün paytaxtı keçərək Qaraçuxur qəsəbəsinədək uzanacaq.
Bu barədə Teleqraf.com-a Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib: “Bənövşəyi xəttin özəlliyi onun şəhərin lap mərkəzindən keçməsidir, nəticədə paytaxtın bu ərazilərində sərnişin daşımaları qat-qat asanlaşacaq. Bu xəttin üzərində 12 stansiya nəzərdə tutulub.
Növbəti 3-cü stansiya (B-3) Ceyhun Səlimov küçəsində – Bakının “Papanin” adlanan ərazisində olacaq. Şərti adı B-3 olan bu stansiyada hazırda tikinti işləri davam edir. Bu stansiya Bənövşəyi xətlə gələcəkdə tikilməsi nəzərdə tutulan Mavi xəttin kəsişməsində olduğu üçün bu da keçid stansiyası hesab olunur”.
2011-ci ildə prezident İlham Əliyevin fərmanı Bakı Metropoliteninin Perspektiv İnkişaf Planı təsdiqlənib. Plan paytaxtda yeni metro xətlərinin və stansiyaların tikintisini nəzərdə tutur. Bu işlər nəticəsində 2030-cu ilə qədər 23 olan stansiyaların sayı 76-ya çatdırılmalıdır.
Nəsimi Paşayev deyir ki, sonuncu iki stansiyanı təhvil verməklə stansiyaların sayı 25-ə çatdırılıb. Hazırda Bənövşəyi xətt və “Həzi Aslanov-2” stansiyasında tikinti işləri davam edir.
Stasniyalarının sayı çoxaldıqca və metroplitenin işinin keyfiyyəti yüksəldikcə gediş haqqının artırıla biləcəyi də gündəmə gəlir. Metropoliten rəsmisi deyir ki, qiymət məsələsini Tarif Şurası müəyyən etdiyi üçün bu barədə hər hansı məlumat verə bilməz: “Hazırda bu məsələ müzakirə olunmur. Baxmayaraq ki, sərnişinin daşınma xərci onun ödədiyi məblğədən yüksəkdir. Bütün işlər dövlət tərəfindən ayrılan dotasiya hesabına görülür”.
Yeni açılan “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarda sərnişin sıxlığı olduğunu deyən Nəsimi Paşayev yeni stansiyalara maraq üçün gedənlərin də olduğunu deyir: “İki gün ərzində sərnişinlərələ söhbət etmək imkanım oldu, xüsusən Biləcəridən olan sakinlər üçün “Avtovağzal” stansiyası çox əlverişlidir. Eyni zamanda Sumqayıt, Masazır və Xırdalandan olan sərnişinlər üçün də rahatdır”.
Naibə QURBANOVA