27 May 2016 16:48
1 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bölgələrə yağan güclü yağış və dolu kənd təsərrüfatına ciddi ziyan vurub. Yerli fermerlər və kəndlilər deyirlər ki, qasırğalı yağış daha çox taxılçılığa ziyan vurub. Dolu yağan ərazilərdə kartof, soğan təsərrüfatına və meyvə ağaclarına da ziyan dəyib.

Ekspertlər mövsümün intensiv yağıntılı olmasının məhsul qıtlığına gətirəcəyini deyirlər. Əsasən pomidor, xiyar, qarpız, yemiş kimi tağı zəif tərəvəzlərin, meyvələrdən alma, armud, gavalı, şaftalı, əriyin məhsuldarlığının aşağı olacağı bildirilir.

Artıq bazarlara yeni çıxarılan məhsulların qiymətinə nəzər saldıqda da bunu görmək olar. Satıcılar qiymət bahalığını devalvasiya ilə deyil, kənd təsərrüfatına dəyən ziyanla izah edirlər.

8 mikrorayonda meyvə-tərəvəz satışı ilə məşğul olan Rəşad İbrahimov deyir ki, keçən il bu vaxt yerli badımcan artıq satışda idi, qiyməti də 1 manata: “Pomidor, bibər də ucuz idi. İndi heç keçən ilki satış qiymətinə topdan satışda məhsul yoxdur. Bir aydan çoxdur yerli çiyələk satırdıq, özü də çox ucuz – kilosu 1 manata. Son bir həftədir çiyələk yoxa çıxıb, rayonlara düşən dolu çiyələk sahələrini məhv elədi. Gətirdiyimiz ancaq Türkiyə çiyələyidir, o da yerli məhsuldan bahadır. İki manata elə topdan alırıq”.

Hazırda bazara daha çox mövsümi meyvə-tərəvəz çıxarılıb. Qiymətlər müxtəlifdir. Satıcılar tərəvəzin meyvəyə nisbətən daha çox satıldığını deyirlər.

İlin bütün fəsillərində istehlak olunan kartofun təzəsinin qiyməti 50 qəpik – 1 manat, köhnəsi isə 70 qəpiyədir. Soğan 30-40 qəpik, pomidor 1,50-3 manat, xiyar 70 qəpik-1 manat, badimcan 1,50-2 manat, lobya 2-3 manat, yerli bibər 2,50, xarici 3 manat, üzüm yarpağının (tənək) kilosu 3 manatdır.

Tərəvəzə nisbətən meyvə bahadır. Mövsümün faydalı neməti sayılan tutun kilosu 1,50 qəpiyə, gilas 2,50-4 manat, gilənar 2-3 manat, Türkiyədən gətirilən çiyələk 2,50, yerli çiyələk 2 manat, şaftalı (Türkiyə) 3,50-4 manata, ərik 4,50-5 manatadır.

Satıcılar meyvə satışının zəif olduğunu deyirlər. Bununla belə, mürəbbə mövsümün hələ qarşıda olduğunu və təxminən iki həftədən sonra meyvə satışının yüksələcəyini deyirlər. Təbii ki, bazara çıxarmağa bol məhsul olarsa...

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev yağıntı ilə əlaqədar məhsul qıtlığının olacağı barədə narahatlıqları əsassız sayır. Nazirlik sözçüsü deyir ki, son günlər yağan yağışların ümumi istehsala ciddi təsiri yoxdur: “Kənd təsərrüfatı riskli sahədir, hava iqlim şəraitindən sığortalanmayıb. Bəzi bölgələrdə hava şəraitinin kəskin dəyişməsi Ağdam, Daşkəsən, Şəmkir Ağcabədi, Tovuz rayonlarında müəyyən qədər kənd təsərrüfatına ziyan vurub. Daşkəsəndə 60 hektara yaxın kartof sahəsinə ziyan dəydiyi barədə məlumat var. Ağdamın Əhmədli, Qaradağlı, Çəmənli, Əhmədağalı, Qərvənd kəndlərində də müəyyən qədər kənd təsərrüfatına ziyan dəyib”.

Murtuzəli Hacıyev hava şəraitinin taxılçılıq üçün əlverişli olduğunu deyib: “Havanın mülayim yağmurlu olması taxılçılığın inkişafına müsbət təsir göstərib. Bu il taxıl istehsalında artım gözlənilir. Dolu düşən yerlərdə inkişafa mənfi təsir edə bilər, amma ümumilikdə hava şəraiti taxılçılıq üçün əlverişlidir. Kartof əkinlərinə, meyvə-tərəvəzə dolu düşdüyündən məhsuldarlığa müəyyən qədər mənfi təsiri olacaq”.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər