3 İyun 2016 13:15
1 603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Devalvasiyadan sonra ölkədə əksər ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artmaqdaykən ətin qiyməti ucuzlaşır. Regionlardan başlayan proses artıq paytaxt bazarlarına da gəlib çatıb. Bir ay əvvəl 7 manat 50 qəpiyə satılan mal əti hazırda 6 manat 50 qəpiyə, 7 manatadır.

Kilosu 9 manat olan quzu əti 1-2 manat ucuzlaşıb. Qoyun ətinin bir kiloqramı 8 manatdan 7 manata düşüb. Bölgələrdə isə ət qeyd olunandan 1-2 manat ucuz – 5-6 manata təklif olunur.

7-ci mikrorayon ərazisindəki sallaqxanalardan birinin qəssabı Barat Qasımov son günlər təkcə kəsilmiş ətdə deyil, diri heyvanların n ucuzlaşdığını deyir: "Qoyun əti pərakəndə satışda 7 manatdan baha deyil, amma vaxt vardı, qiymət 11-12 manata çatırdı. Qoyunu diri çəkidə əvvəl kilosunu 5-6 manata alırdıq, indi təmiz ət hesabı ilə 4 manat 50 qəpikdən almışıq. Ona görə də ucuz satırıq".

Qəssab ətin ucuzlaşmasına rəğmən, satışın zəiflədiyini deyir: "Daimi müştərilərimiz vardı ki, 5 kilodan az ət almırdılar, indi 3 kilodan artıq istəmirlər. Əhalinin gəliri azalıb, bu da alıcılıq qabiliyyətinə təsir edir. Biz də kəsdiyimiz əti dəyər-dəyməzinə satmaq məcburiyyətindəyik, ona görə ucuz veririk".

Barat Qasımovun sözlərinə görə, ətin kütləvi satıldığı məkanlar - şadlıq evləri, restoranlar da ətə tələbatı azaldıblar: "Hazırda onların da müştəriləri azalıb, menyular sadələşdirilib".

Ət uzuzlaşırsa, kolbasa niyə bahalaşır?

Ət uculaşsa da, bu tendensiya ət məhsullarından yan keçir. Məsələn, kilo ilə satılan kabab əvvəlki qiymətə, kolbasa və sosiska isə bahalaşmaqdadır. Birinci ilə bağlı məlumat öyrənə bilməsək də, kolbasa və sosiskanın bahalaşmasına aydınlıq gətirən tapıldı.

Əlaqə saxladığımız "Sab", “M&T LTD" firması, "Yeni dad" şirkətlərindən əti əvvəlki qiymətə alsalar da, sosiska və kolbasaya qatılan indgridientlər - un, ədviyyat, qida əlavələri və qablaşdırmada istifadə olunan materialların qiymətinin iki dəfəyədək artdığını dedilər. İstehsalçılar qiymət artımını idxal olunan məhsulların qiymətindəki artımla izah edirlər.

Toy şənliklərinə ara verilən Ramazan ayında ətin bir az da ucuzlaşacağı gözlənilir. Qəssablar bunun ənənəvi olduğunu deyirlər.

İstehsalda artım var

Kənd Təsərrüfatı Nazirliyində ətin qiymətinin ucuzlaşmasını istehsaldakı artımla əlaqələndirilər.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirir ki, ölkədə heyvandarlıq məhsullarının istehsalında artım dinamikasının saxlanması və əhalinin heyvandarlıq məhsullarına olan tələbatınının daxili istehsal hesabına ödənilməsi məqsədi ilə görülən işlər nəticə verir: "Ətə tələbatın təxminən 90 faizinin daxili istehsal hesabına ödənildiyi bir vaxtda Azərbaycanda davarların sayı sabit sürətlə (ildə 1-2 faiz) artmaqdadır. Hazırda ev təsərrüfatlarında 8 milyon 800 mindən çox qoyun və keçi var. Xırda və iribuynuzlu heyvanların da baş sayında artım var. Ətin ucuzlaşmasının əsas səbəblərindən biri də statistikadan gördüyünüz kimi istehsalla bağlıdır".

Müsahibimiz həm də mövsümlə əlaqədar ətə tələbat azaldığından ucuzlaşma yarandığını deyir.

İxrac potensialı yüksəkdir

Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev də ucuzlaşmanın kökündə yerli istehsaldakı artım amilini vurğulayır: "Ölkəyə həm yüksək məhsuldar heyvan cinsləri gətirilərək fermerlərə lizinq yolu ilə satılır, həm də süni mayalanma işləri genişləndirilir. Xaricdən yüksək məhsuldar heyvanların alınmasına 2009-cu ildən başlanılıb. Gətirilən cins heyvanın qiymətinin 50 faizi dövlət tərəfindən ödənilir, digər 50 faizinin yarısı əvvəlcədən, qalanı isə 3 il müddətində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə ödənilir.

Ümumilikdə, 2009-2015-ci illərdə respublikaya 18 min 252 baş cins heyvan idxal olunub. Bu heyvanların əksəriyyəti - 13 minə yaxını son üç ildə alınaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına paylanılıb".

Yay aylarında ətin istehlakının azaldığının satışa təsir göstərdiyini deyən şöbə müdiri ucuzlaşmaya heyvanların qışlama və yaz mövsümünün də münasib keçdiyini vurğulayıb: "Sadalanan bu və digər səbəblərdən ətin qiyməti aşağı olmaqla stabildir. Hazırda görülən işlər ilk növbədə məhz özünütəminat səviyyəsinin yüksəldilməsinə və ixrac potensialının artırılmasına yönəlib. 2015-ci ildə bu sahədə müəyyən irəliləyiş baş verib.

Bu il yanvar ayının özünütəminat göstəriciləri belədir: mal əti - 92 faiz, qoyun əti - 99 faiz, quş əti - 98,6 faiz, süd və süd məhsulları - 80 faiz, kərə yağı - 60 faiz.

2014-cü illə müqayisədə mal əti ilə özünütəminat səviyyəsi 5 faiz, qoyun əti üzrə 2 faiz, quş əti üzrə 0,6 faiz, süd və süd məhsulları üzrə 4 faiz, kərə yağı üzrə 8 faiz yüksəlib. Özünütəminat artan xətlə inkişaf edir. Bu ilin ikinci yarısından başlayaraq ət və süd məhsularının dinamikasında daha çox artım gözləyirik. Qoyun və quş əti ilə, o cümldən yumurta ilə yüz faiz özünütəmint olacaq, çünki ixrac potensialı yüksəkdir. Amma mal əi ilə yüz faizə yaxınlaşacağıq".

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər