“Məndən yaşda böyük olduğuna görə ondan üzr istəyirəm. Amma Allahım, bir də vicdanım bilir ki, oğurluq etməmişəm. Məni yaxşı tanıyanlar da bilir ki, bir bənd şeiri oğurlayıb yazmağa ehtiyacım yoxdur”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında rejissor Kənan M.M deyib. O, şair Salam Sarvanın ona məxsus şeirdən bəzi misraların mənimsənilməsiylə bağlı ittihamlarına cavab verib: “Bilirsiniz, dünyanın o başında biri bir film çəkir, burdakı rejissor onun filmindən xəbəri olmadan birini çəkir, amma filmlər bənzəyir. Deməli, zövqlər eyni ola bilir. Bir insan bir paltarı geyinirsə, başqası da ondan geyinə bilər. Oxşadığı üçün plagiat olduğu düşüncəsi yarana bilər.
İdeyalar, fikirlər bir-birinə oxşaya bilər. Tutaq ki, o şeir bənzədi, bəs o biri şeirlərim kimə bənzəyir? Axı mən ya yaza bilirəm, ya da yaza bilmirəm. Məhəmməd Füzuli də “Leyli və Məcnun” yazıb, Nizami də. Bu, normaldır.
Düzünü deyim, Salam Sarvanın şeirlərini oxumamışam, o şeirlə də tanış deyiləm. Əgər xətrinə dəymişəmsə, o müəllim anlamında qəti qərar veribsə ki, Kənan M.M ondan oğurluq edib, məndən yaşda böyük olduğuna görə ondan üzr istəyirəm. Amma Allahım, bir də vicdanım bilir ki, oğurluq etməmişəm. Məni yaxşı tanıyanlar da bilir ki, bir bənd şeiri oğurlayıb yazmağa ehtiyacım yoxdur”.
Nərmin