“Doğma səhnədə tamaşada oynamaq tamam başqa hisdir. Mən səhnəyə çıxanda tanış simaları, tanış gözləri görəcəm, bu hissi sözlə ifadə etmək olmur”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycanın əməkdar artisti, Moskvanın Böyük Teatrının ilk azərbaycanlı solisti Elçin Əzizov mətbuat konfransında deyib. Əməkdar artistin Bakıya gəlməsinin səbəbi noyabr ayının 12-də Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində çıxış etməsidir. Belə ki, Əzizov bəstəkar Jorje Bizenin dünya opera incəsənətinin xəzinəsi sayılan “Karmen”ində Eskamilyo partiyasını ifa edəcək: “Artıq iki ildir ki, mən Azərbaycanda çıxış etmirəm. Ona görə sabahkı çıxışıma görə həyəcanlıyam. Bu, son olmayacaq, ümid edirəm ki, gələn il bizim Opera və Balet Teatrı ilə maraqlı işlərimiz olacaq”.
Sabahkı tamaşada çıxış etdiyinə görə Kremldə KVN-nin 55 illiyi ilə əlaqədar keçirilən tədbirdə iştirak edə bilməyəcəyini deyən Əzizov o illəri hörmətlə, sevgiylə xatırladığını deyib: “KVN-nin 55 illiyi sabah təntənəli şəkildə qeyd olunacaq. Tədbirdə müxtəlif komandalar çıxış edəcək. Orda iştirak etmək üçün mənə də dəvət gəlmişdi. Amma artıq Bakıda “Karmen” operasında Eskamilyonu ifa etmək üçün razılığımı vermişdim deyə onların dəvətini qəbul edə bilmədim. Bir tərəfdən təəssüflənsəm də, digər tərəfdən çox sevinirəm. Çünki sabah mən öz vətənimdə çıxış edəcəm. Yəni sabah Kremldə yox, Bakıda olacam”.
Elçin Əzizov gələcəkdə opera tamaşası hazırlamaq istədiyini deyib: “Mənim ixtisasım teatr və kino rejissorluğudur. Hazırda isə opera solisti kimi fəaliyyət göstərirəm. Çox istəyirəm ki, gələcəkdə hər iki sahədə fəaliyyətim olsun. Belə ki, özüm bu illər ərzində qazandığım təcrübə sayəsində opera tamaşası hazırlamaq istəyirəm. İnanıram ki, bunu reallaşdıra bilərəm”.
Elçin Əzizov 1992-2001-ci illərdə əfsanəvi “Bakılı oğlanlar” komandasının tərkibində olub. 2007-ci ildən Qalina Vişnevskayanın Opera İfaçılığı Mərkəzinin stajçısı və solisti, 2008-ci ildən isə Böyük Teatrın opera truppasının solistidir. Rusiya, Avstriya, İtaliya, Fransa, Mərakeş ABŞ və digər ölkələrdə böyük uğurla çıxış edib.
Nərmin