Ötən gün məşhur türk müğənnisi Murad Boz Nizami Kino Mərkəzində “Dönərsə sənindir” filminin qala gecəsində iştirak edib. Yaxın günlərdə öz ölkəsində çəkildiyi 37 saniyəlik reklam çarxından 1,2 milyon TL (təxminən 590 min manat) əldə edən Murad Boz Azərbaycandan hansı məbləğlə qayıdıb?
Murat Boz, Yasemin Allen və İrem Sakının qonorarını müəyyənləşdirmək üçün Nizami Kino Mərkəzinə müraciət elədik.
Nizami Kino Mərkəzinin mətbuat katibi Arzu Əhədova Teleqraf.com-a açıqlamasında ölkəmizə gələn türk məşhurlarına qonorarın şirkət tərəfindən ödənildiyini dedi: “Nizami Kino Mərkəzi Türkiyənin AF Mediya şirkəti ilə müqavilə bağlayıb. Distribyutorlarla danışıqlar aparıb, müqavilə bağlanır. Filmi Bakıda nümayiş etdirdiyimizə görə gəlirin müəyyən hissəsi onlara çatır. Sözsüz ki, təşkilatı işlərə də vəsait xərclənir.
Məbləği açıqlaya bilmərik. Çünki qala gecələrdə dəvət etdiyimiz aktyorların qonorarını şirkət ödəyir. Türk şirkətinin isə nə qədər qonorar ödədiyini bilmirik. Təbii ki, onlar da qazanc əldə etmək üçün filmə çəkilirlər. Amma onlara filmdən əldə edilən gəlirinin neçə faiz çatdığını bilmirəm.
Arzu Əhədova türk filmlərinə tamaşaçı marağından da danışıb: “Kinoteatrlar da filmdən qazanmalıdır. Elə film olur ki, böyük tamaşaçı auditoriyası toplayır və kinoteatr qazanc əldə edir. Kinoteatrlar dövlət büdcəsindən maliyyələşdirilmir. Maliyyə tərəfini özü təmin edir. Beləliklə kinoteatrların qazancı da tamaşaçının çox və az olmasından asılı olur”.
P.S.Yeni il gecəsi Bakı Olimpiya Stadionunda konsert proqramı ilə çıxış edən türk məşhurlarının qonorarı da səs-küy yaradıb. Hadisə 2 saatlıq konsertdən 375 min lirə (təxminən 190 min manat), Demet Akalın isə 250 min lirə (təxminən 125 min manat) qazanıb.
Rəqsanə