Jurnalist Xaqani Səfəroğlunun 16-17 yaşlı iki gəncin metroda öpüşməsi haqda sosial şəbəkədə yazdığı status geniş müzakirəyə səbəb olub.
Teleqraf.com məşhurlara “İki gəncin metroda öpüşməsinə münasibətiniz necədir?” sualı ilə müraciət edib.
Cavabları təqdim edirik:
Müğənni Nura Suri: “Hər kəs öz işiylə məşğul olsun. Hamı biri-birini güdür. Qeybət etmək çox pis nümunə və tərbiyədir. İlk öncə onu müzakirə etsinlər, sonra kiminsə sevgisinə, öpüşünə mız qoyarlar... Qeybəti azaltsınlar, bu nə qadına, nə kişiyə yaraşır”.
Aparıcı Rövşanə Bektaşi: “Ayıb sayılan o qədər hadisələr var ki... İki gəncin öpüşməsinə bu qədər sərt reaksiya göstərilir. Sərt reaksiya göstərəcəyimiz o qədər məqamlar var. Buna çox da əhəmiyyət verməməliyik. Burada nə var ki... İki gəncdir.
Demirəm ki, gənclər küçələrdə öpüşməlidirlər. Sadəcə ayıb, utanc doğurası və qabardılası başqa hadisələrə reaksiya göstərilsin. Gəncdirlər, ağılları başından gedib və hissə qapılıblar. Öz işləridir”.
Aparıcı Murad Arif: “Cəmiyyətimizdə iki şey əskikdir: sevgi və tərbiyə... İctimai yerdə öpüşün nə sevgiyə, nə də tərbiyəyə heç bir aidiyyatı yoxdur.
Bəlkə də Skandinaviyada romantik görünərdi... Amma şərq temperamentinin üzərinə bir də Azərbaycan cəhalətini gətirin və bu sərbəstliyin haralara gətirəcəyini düşünün. Düşündüyünüzdən də müasir insanam. Sadəcə, torpaq qarışıq çox şeyi itirmişik. Yalnız bir-iki dəyərimiz qalıb”.
Aparıcı Nərgiz Cəlilova: “Bu mövzuda danışmaq istəmirəm”.
Müğənni Ədalət Şükürov: “Hamının riayət etməli olduğu etik normalar var. Biz xarici ölkədə yaşamırıq. Bu kimi hallar xarici ölkələrdə kütləvi yerlərdə çox olur və görmüşük. Amma bura Azərbaycandır. Mentalitetimiz, böyük-kiçik var. Gənclərin hərəkətini normal hesab etmirəm. Bir daha elə etməzlər”.
Müğənni Nigar Camal: "Gənclərin bu hərəkətinə yaxşı baxmıram, hər şeyin öz yeri var. Axı, metroda uşaqlar da olur, onlara hörmət etmək gərəkdir.
Amma bu məsələni böyük problemə də çevirmək lazım deyil. Bu, İngiltərədə metroda baş versəydi, orada da heç kim susmazdı".
Aylin