Teleqraf.com Elcan Rəsulovla müsahibəni təqdim edir.
- Sizcə, Elcan Rəsulovu tanıdan “Oğlan evi” filmindəki Pərvaz oldu, yoxsa “Ər və arvad” serialının Yaşarı?
- Heç biri... Əslində, məni internetdə yayılmış kiçik bir rolik tanıtdı. Telekanallardan birinin ad günü üçün hazırladığımız kiçik parodiyaların yayılması mənim üzümə məşhurluq qapısını açdı.
“Oğlan evi” filmi isə aktyorluq potensialımı aşkarladı. Hamı bildi ki, belə bir oğlan var, əslində, aktyor imiş, özü də yaxşı aktyor imiş... “Ər və arvad” sitkomu isə məni tamaşaçıya sevdirməyə başladı.
- Bəs “Maşın-şou” məşhurluq həyatınızda necə rol oynadı?
- Bu, şou əhatəmi genişləndirdi. Deyək ki, buna qədər məni 60 faiz insan tanıyırdısa, “Maşın-şou” faizləri 70-ə qaldırdı...
- Bu şou ilə bağlı xatirələriniz necədir?
- Yeni tanışlıqlar oldu... Şou nümayəndələrini bu qədər yaxından görməmişdim, tanımırdım. Bir sözlə, maraqlı oldu, müəyyən nəticələr əldə etdim... Tutalım, yaxşını pisdən ayırmağı öyrəndim.
- Aktyor olmasaydınız, başqa hansı sahəni seçərdiniz?
- Evdən istəyirdilər ki, hüquq fakültəsinə daxil olum və hüquq-mühafizə orqanlarında çalışım. Amma mən şəxsi istəyimin dalınca getdim.
- Özünüzü yalnız komediya aktyoru sayırsız? Yoxsa nə vaxtsa ciddi filmə də çəkilmisiz və ya çəkiləcəksiz?
- Ciddi bir filmdə epizodik rolum olub, ciddi bir tamaşada oynamışam. “Yalnız komediya aktyoru” deyə bir anlayış yoxdur. Düşünürəm ki, ciddi rolları komik rollardan daha yaxşı ifa edərəm. Bəzən komediyalarda çətinlik çəkirəm, fikirləşirəm ki, ciddi rollar məndə daha yaxşı alınar.
- Ümumiyyətlə, aktyorun həm komik, həm də dramatik janrda çəkilməsi düzgündürmü? Yoxsa o, yalnız bir üslubu seçməlidir?
- Aktyor hansı üslubu istəsə, hansı filmə dəvət olunsa, orda da çəkilə bilər. Əgər rolu yaratmaq gücünü özündə hiss edirsə, ondan imtina etməməlidir. Üslub aktyor üçün dəyişməz anlayış deyil. Bu, tamaşaçı rəyidir, aktyoru, adətən, eyni stildə görməyi arzulayır...
- Film çəkilişləri zamanı nədən narazı qalırsız? Nəyimiz çatışmır?
- Narazılıqlar olur. Amma bu, prosesə bağlı şeylərdi. Mən indiyə kimi elə bir filmə çəkilməmişəm ki, orda nəsə çatışmazlıq olsun. Lakin həmkarlardan, dostlardan şikayətlər eşidirəm. Mən hələ ki rastlaşmamışam. Şükür Allaha...
- Efirdə olmadığınız vaxtlar filmlərə dəvətlər alırsız?
- Demək olar ki, yox. Əslində, məni son 1 ildə filmlərə dəvət etməyə başlayıblar. İndi də mən hər filmə çəkilmək istəmirəm. İş birliyində olduğum filmlər çox azdır. Əsas keyfiyyətə üstünlük verirəm.
- Özünüzü günümüzün ən məşhur simaları sırasında görürsüz?
- Yox. Günümüzün çox məşhur simaları var ki, mən özümü o sırada görmürəm. Mən məşhurluğa can atmaq sistemiylə çalışmıram, illərlə yadda qalmaq sistemiylə işləyirəm. Bu səbəbdən özümü gündəm adamı saymıram.
- Tanınmazdan öncəki həyatınız necə idi? Nə dəyişdi?
- Heç nə dəyişməyib. Eyni həyatı yaşayıram. Mən 9-cu sinifdən öz əhatəmdə tanınmağa başlamışdım. Söhbət məktəb, dərnək səviyyəsindən gedir. Sonra keçdi müsabiqə səviyyəsinə, sonra televiziya verilişi, axırda da serial və film səviyyəsinə. Bu proses yavaş-yavaş baş verdiyinə görə mənim üçün heç nə dəyişmir, mən bunu normal qəbul edirəm.
- Çəkiniz işinizə mane olmur?
- Əndazə məsələsi var ha, bax çəkim əndazəni aşdı. Mane olmağa başladı deyə, mən də ona mane olmağa, onun qarşısını almağa başladım...
- 115 kiloqramla başladığınız diyeta necə gedir?
- Diyeta saxlamıram. Xüsusi diyetoloji proqramım yoxdur. Özümün xüsusi arıqlama üsullarım, öz qayda-qanunlarım var. Həmin qaydaları yenidən tətbiq etməyə başlamışam.
- Niyə vikipediyanız yoxdur?
- Söz vermişdilər ki, mənim üçün vikipediya açacaqlar. Hələ ki əməl etməyiblər. Özüm də ciddi səy göstərmirəm. Yəqin bu, gizli saxlamaq istədiyim məqamlardan irəli gəlir...
- Telefonla kiçik vaynlar çəkib paylaşan və özünü komediya ustası adlandıran bloggerlərə, vaynerlərə münasibətiniz?..
- Onlar da bu üsulla pul qazanmağa çalışırlar. Guya boş oturub nə edəcəklər? Məncə, müasir iş formasıdır. Məşğul olurlar, pul qazanırlar, burda pis bir şey yoxdu...
- Daha çox tərif eşidirsiz, yoxsa tənqid?
- Tənqidi ancaq böyük qardaşımdan, bir də anamdan eşidirəm. Bu iki tənqid də yaxşı tənqiddir, mənə faydası dəyir. Qalan hamıdan ancaq tərif eşidirəm, şükür Allaha...
- Yola verdiyiniz dostlarınız varmı?
- Konkretliyi sevən adam olduğuma görə yola vermək məsələləri məndən uzaqdır. Mən sözü üzə deyən adamam.
- Gündəlik həyatınızda da zarafatcılsız?
- Zarafat əhvalımdan asılıdır. Bir də görürsən, əhvalım o qədər yaxşı olur ki, tanıdım-tanımadım hamıyla zarafatlaşıram. Bir də görürsən, əksinə, ağzımı açıb bir kəlmə də danışmaq istəmirəm.
- “Ər və arvad”dakı həyat yoldaşınız Könüldən (Kəmalə Piriyeva) sizi soruşsam, sizcə, nə deyər?
- Nə deyə bilər? Mənim özümə də maraqlıdır. Görəsən nə deyər?..
- Feysbukda “Brat Li” filmini dırnaqarası komediya adlandırdınız?! Nəyi bəyənmədiniz?
- Filmə baxmışam ki, filmi bəyənməyim də?! (Gülür).
- Bəs baxmadığınız filmi niyə dırnaqarası komediya adlandırdınız?
- Filmin tizerinə baxdım. Gördüm, yox, o deyil. Buna görə dırnaqarası komediya yazdım. Belə filmlər indi yaman çoxalıb...
- Güzgüyə baxarkən özünüzə nə deyirsiniz?
- Deyirəm: “Bir az özümdə güc tapıb dişlərimi düzəltdirim, bir az da arıqlayım”. Başqa heç nə.
- Özünüzü ən çox niyə tənqid edirsiniz?
- Ara-sıra münasibətlərdə səhvlərə yol verirəm. Ümumən çalışıram səhv eləməyim. Bəzən kiməsə inanıram, kiməsə arxayın oluram. Belə hallarda özümü danlayıram. Amma içimdə...
- Arzularınız istədiyiniz kimi reallaşırmı?
- Əslində, nə ki reallaşır, mən onlara arzu kimi baxmamışam. Sadəcə, işlər ya qaydasında gedir, ya getmir. Mənim arzularım çox fantastikdir. Düşünmürəm ki, onlar nə vaxtsa reallaşa bilər.
- Futbola baxırsız?
- Hə. Əvvəllər futbola çox bağlı idim. İşimi-gücümü atıb futbolu izləyirdim. Artıq yalnız sevimli klublarımla maraqlanıram. Söhbət “Qarabağ”, “Qalatasaray”, bir də “Barselona”dan gedir.
- Çatdırmaq istədiyiniz mesajlarınız varmı?
- Bir fikrim var. Çox yox, min nəfərlik bir zal üçün konsert hazırlamaq istəyirəm. İstəyirəm maraqlı yumor proqramı olsun. Amma bilmirəm tamaşaçı baxar, baxmaz? Bəyənər, bəyənməz? Bu sual məni çox düşündürür...